BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində İqtisadiyyat Nazirliyinin təşkil etdiyi tədbirlər zamanı “yaşıl” iqtisadiyyata töhfə verən 5 razılaşma imzalanıb.
Qurumdan redaksiyamıza verilən məlumata görə, iqtisadiyyat, rəqəmsal inkişaf və nəqliyyat, maliyyə nazirlikləri, eləcə də BYD, “SARDA Group” və “Electrify Azerbaijan” şirkətlərinin nümayəndələri tərəfindən ölkədə elektrik avtobus istehsalının lokallaşdırılması layihəsi üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən, layihə çərçivəsində Azərbaycanda elektrik avtobusların istehsalının qurulması və ehtiyat hissələrinin lokallaşdırılması, 2030-cu ilə qədər mərhələli şəkildə lokallaşma səviyyəsinin 40 faizə çatdırılması nəzərdə tutulur.
Azərbaycan İnvestisiya Şirkəti ilə Türkiyənin “Dias Bilişim ve Teknoloji Hizmetleri A.Ş.” şirkəti arasında “Depozit idarəetmə sistemi” layihəsi üzrə Anlaşma Memorandumu imzalanıb. Bu əməkdaşlıq nəticəsində ölkəmizdə plastik və şüşə qabların toplanması və depozit idarəetmə sisteminin təşkili nəzərdə tutulub.
Böyük Britaniyanın “Carbonbit Technologies” müəssisəsi Azərbaycan İnvestisiya Şirkəti arasında karbon texnologiyalarının inkişafı və kommersiyalaşdırılması sahəsində birgə iş məqsədilə Anlaşma Memorandumu Azərbaycanda karbon texnologiyalarının inkişafını hədəfləyir.
Digər Anlaşma Memorandumu Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və BP-nin törəmə şirkəti “Volts” arasında imzalanıb. Sənəd respublikamızda enerji batareyası istehsalı müəssisəsinin yaradılmasına dəstək verilməsini nəzərdə tutur.
COP29 çərçivəsində AİŞ, “SOCAR Downstream” və “Technip Energies Italy S.P.A” tərəfindən yaradılan “Ecostar” MMC-nin nizamnaməsi imzalanıb. “Ecostar” MMC “Alterra” piroliz texnologiyasına əsaslanan “Tullantıların monetizasiyası” layihəsinə dair ön mühəndislik layihələndirməsi həyata keçirəcək və plastik tullantı materiallarından yararlanmaqla piroliz yağı istehsal edəcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşəbbüsü ilə qlobal səviyyədə kiçik və orta bizneslərin (KOB) “yaşıl” iqtisadiyyata keçidi üzrə birgə səylərin birləşdirilməsi məqsədilə “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi” imzalanıb və KOB ekosisteminin bütün maraqlı tərəfləri bu Bəyannaməyə qoşulmağa dəvət olunub.
Beynəlxalq Ticarət Mərkəzi, Braziliyanın Mikro və Kiçik Müəssisələrə Dəstək Xidməti və KOBİA arasında imzalanan üçtərəfli əməkdaşlıq bəyannaməsi isə BMT-nin “2030: İnkişaf Gündəliyi”ndə qeyd edilən dayanıqlı və inklüziv iqtisadi inkişafa nail olmağı və KOB-ların aşağı karbon keçidinin asanlaşdırılması üzrə birgə əməkdaşlığın təşviqini nəzərdə tutur.