Tuqay meşələrinin karbontutma potensialı yüksəkdir

post-img

COP29 konfransı çərçivəsində “Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi” mövzusunda təqdimat keçirilib. Tədbirdə “Regional İnkişaf” İctimai Birliyinin gerçəkləşdirdiyi “Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi, meşə ekosisteminin bərpası” layihəsinin Kür və Araz çaylarının subasarında yerləşən Tuqay meşələrinin karbon dinamikasının qiymətləndirilməsi ilə bağlı olduğu bildirilib.

Ekologiya və təbii sərvətlər, Elm və təhsil nazirlikləri, Bakı Dövlət Universiteti və Aviasiya Akademiyasının mütəxəssislərinin, eləcə də layihənin tərəfdaşı olan Qana Respublikasının “Abibiman Foundation LBG” qeyri-hökumət təşkilatının nümayəndələrinin iştirak etdikləri mərasimdə çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin meneceri Gülbağda Leysanova layihənin məqsədi haqqında ətraflı məlumat verib, ölkəmizdə biomüxtəlifliyin qorunmasına yönəlmiş layihələrin icrasının əhəmiyyətinə diqqət çəkib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev və Bakı Dövlət Universitetinin biologiya fakültəsinin dekan müavini Yusif Abiyev Tuqay meşələrinin biomüxtəlifliyin qorunması və inkişafı, eləcə də atmosferdə karbon emissiyasının azaldılması rolundan, uzun müddət ciddi mühafizə edilməməsi, iqlim dəyişikliyi ilə əlaqədar Kür çayının hidroloji rejiminin dəyişməsi, eləcə də ağacların cins tərkibinin əhəmiyyətli dərəcədə dəyişməsi barədə danışıblar.

Natiqlər meşə ekosisteminin bərpası və karbon dinamikasının qiymətləndirilməsi, əldə olunan nəticələrin meşələrin salınması və ya bərpası işlərinin planlaşdırılması, habelə digər məqsədlər üçün istifadəsinin əhəmiyyətini qeyd edərək, layihə çərçivəsində sahə tədqiqatlarının aparılması məqsədilə alınmış avadanlıqlar barədə məlumat veriblər. Türkiyəli mütəxəssis, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının nümayəndəsi Cuma Uykun “Meşələrdə biokütlə və karbon hesablanması metodologiyası: anlayışlar, problemlər və həllər” mövzusunda iştirakçılara ətraflı məlumat çatdırıb.

Sonra layihə çərçivəsində Hacıqabul rayonu ərazisində Tuqay meşə ekosisteminin bərpasına yönəlmiş ağacəkmə aksiyasından bəhs edən videoçarx nümayiş olunub. Bildirilib ki, aksiya zamanı 1,5 hektar ərazidə Tuqay meşəsinə aid 1800 ədəd ağac tingi, eləcə də 20 sot ərazinin mühafizəsi təşkil edilməklə nəsli kəsilməkdə olan 200-dən çox müxtəlif ağac növü əkilib.

Qeyd edək ki, təqdimatı keçirilən layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə QHT-lər üçün reallaşdırılan “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsi çərçivəsində icra olunur.

 

Ekologiya