BMT Azərbaycanın ekoloji səylərini yüksək qiymətləndirir

post-img

BMT Azərbaycanın iqlim dəyişmələrinə qarşı tədbirlərini yüksək qiymətləndirir. Bu fikri Birləşmiş Millətlər Təşkilatının Baş katibinin köməkçisi, qurumun İnkişaf Proqramının Siyasət və Proqrama Dəstək Bürosunun direktoru Markos Neto COP29 çərçivəsində keçirilən “Qafqaz dağları və ətrafı üçün dayanıqlılıq tədbirləri: milli adaptasiya planları və regional yanaşmalar” mövzusunda tədbirdə səsləndirib.

Baş katib köməkçisi Azərbaycan hökumətini BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına öz milli adaptasiya planını təqdim etməsi münasibətilə təbrik edib, təşkilatın bu nailiyyətə dəstək verdiyini vurğulayıb. O, Azərbaycanla BMT-nin İnkişaf Proqramı arasında mövcud əməkdaşlığın iqlim dəyişikliklərinə uyğunlaşma və karbon emissiyalarının azaldılması istiqamətində mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Azərbaycan hökuməti ilə tərəfdaşlıq çərçivəsində bərpaolunan enerji strategiyasının inteqrasiyası, enerji səmərəliliyinin artırılması və əsaslı yanaşmalar vasitəsilə biomüxtəlifliyin qorunması istiqamətində mühüm işlər görüldüyünü bildirən Markos Neto xüsusilə dağ ekosistemlərində və həssas icmalarda iqlim dəyişikliklərinin yaratdığı risklərə qarşı tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

BMT rəsmisi diqqəti iqlim dəyişikliklərinə adaptasiya üçün maliyyə resurslarının çatışmazlığına yönəldərək deyib ki, hazırda inkişaf etməkdə olan ölkələrin illik adaptasiya ehtiyacları, ən azı, 250 milyard ABŞ dolları təşkil edir: “Bununla belə, mövcud beynəlxalq maliyyə axınları bu ehtiyacları qarşılamaq üçün kifayət deyil. BMT-nin İnkişaf Proqramı 2025-ci ilə qədər iqlim dəyişikliyi ilə mübarizəni gücləndirmək və adaptasiya tədbirlərini genişləndirmək məqsədilə BMT sistemi ilə birgə fəaliyyət göstərir. Milli və regional səviyyədə strateji yanaşma adaptasiya tədbirlərinin daha geniş miqyasda həyata keçirilməsinə töhfə verəcək”.

Qeyd olunub ki, BMT-nin İnkişaf Proqramı 2017-ci ildən etibarən Yaşıl İqlim Fondu vasitəsilə 42 ölkəyə texniki dəstək göstərərək onların milli adaptasiya proseslərini inkişaf etdirməsinə yardım edib.

Ekologiya