Çin şirkətləri ilə “yaşıl” əməkdaşlıq

post-img

COP29 çərçivəsində Energetika Nazirliyi ilə Çinin “PowerChina Resources Limited” və “TBEA Co., Ltd” şirkətləri arasında “yaşıl” enerji sahəsində anlaşma memorandumları imzalanıb.

Energetika Nazirliyinin yaydığı məlumata görə, imzalanma mərasimlərindən əvvəl energetika naziri Pərviz Şahbazovla “PowerChina Group”un vitse-prezidenti Xu Pengcheng və “PowerChina Resources Limited” şirkətinin prezidenti Yang Tianfu, həmçinin TBEA şirkətinin İdarə Heyətinin üzvü, beynəlxalq biznes məsələləri üzrə prezidenti Hu Nanın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüşlər olub. Görüşlərdə Azərbaycan–Çin strateji tərəfdaşlıq münasibətlərində bərpaolunan enerji sahəsində əməkdaşlığın mühüm yer tutduğu qeyd edilib. Həyata keçirilən “yaşıl” enerjinin istehsalı və ixracı ilə bağlı meqalayihələr kontekstində Çin şirkətləri ilə əməkdaşlıq imkanları yüksək dəyərləndirilib.

“PowerChina Resources Limited” şirkətinin xaricdə alternativ enerji sahəsində sərmayə qoyuluşu həyata keçirən, geniş potensial və təcrübəyə malik bir qurum olaraq, Azərbaycanda bu cür enerji layihələrinə sərmayə qoyuluşu, mövcud sahədə enerji layihələrinin planlaşdırılması, layihələndirilməsi, tikintisi və istismarında əməkdaşlığa maraq göstərməsi diqqətə çatdırılıb. Elektrik enerjisinin ötürülməsi və paylanılması, elektrik stansiyaları, bərpaolunan enerji və digər vacib infrastruktur layihələrinin istehsalı, mühəndisliyi, tədarükü, tikintisi və maliyyələşdirilməsi üzrə ixtisaslaşmış şirkət olan TBEA-nın isə ölkəmizlə bərpaolunan enerji avadanlıqları və texnologiyaları sahəsində əməkdaşlıq niyyəti qeyd edilib.

Görüş zamanı imzalanan “Azərbaycan Respublikası Energetika Nazirliyi ilə PowerChina Resources Limited arasında Azərbaycanda bərpaolunan enerji layihələrinin inkişaf etdirilməsi üzrə Anlaşma Memorandumu” sənaye miqyaslı günəş PV layihələri, quruda və dənizdə külək elektrik stansiyaları, hidro akkumulyasiya və akkumulyator enerji saxlama sistemləri, inteqrasiya olunan “ağıllı” enerji və “yaşıl” hidrogen istehsalı layihələri, yerli mütəxəssislərin hazırlanması, texnoloji biliklərin mübadiləsi üzrə əməkdaşlığı nəzərdə tutur.

“Azərbaycan Respublikası Energetika Nazirliyi ilə TBEA Co., Ltd arasında Anlaşma Memorandumu” isə bərpaolunan enerji avadanlıqları və texnologiyalarının istehsalı və tədarükü daxil olmaqla, müvafiq sahələrdə əməkdaşlığı əhatə edir.

XQ

Ekologiya