Almaniyanın enerji şirkətləri Azərbaycanın bərpaolunan enerji layihələrində əməkdaşlığa dəvət edilib. Energetika Nazirliyinin məlumatına görə, bu barədə nazir Pərviz Şahbazov COP29 çərçivəsində Almaniya Sənaye Federasiyasının təşkilatçılığı və bu ölkənin vitse-kansler, iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habekin iştirakı ilə keçirilən tədbirdə çıxışı zamanı bildirilib.
Energetika naziri bildirib ki, COP29 Sədrliyi ədalətli iqlim nəticələri əldə etmək məqsədilə yeni iqlim maliyyəsi, Milli Müəyyən Edilmiş Töhfələr, Milli Uyğunlaşma Planları və İkiillik Şəffaflıq Hesabatları kimi mühüm məsələlərdə konstruktiv fəaliyyət və təşəbbüslər göstərir. Bakıda əldə ediləcək yekun razılaşmanın post-Paris dövrünü başlatmaq üçün tarixi fürsət olduğunu vurğulayan P. Şahbazov ölkəmizin “yaşıl” enerji təşəbbüslərini qlobal enerji keçidinə töhfə vermək baxımından əhəmiyyətli addım kimi qiymətləndirib. Nazirin sözlərinə görə, məqsəd bərpaolunan enerjinin payını enerji balansında 2030-cu ilə qədər 35,5 faizə, 2035-ci ilə qədər isə minimum 40 faizə çatdırmaqdır.
Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə hazırda Avropanı və Asiyanı birləşdirən “yaşıl enerji dəhliz”ləri layihələri həyata keçirilir. Nazirin sözlərinə görə, Xəzər dənizinin 157 qiqavat külək enerjisi və Mərkəzi Asiyanın “yaşıl” enerji potensialına əsaslanan “Xəzər – Qara dəniz – Avropa,” “Azərbaycan – Türkiyə – Avropa” və “Mərkəzi Asiya – Azərbaycan” yaşıl enerji dəhlizləri Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Gürcüstan, Rumıniya və Macarıstanın enerji şəbəkələrini birləşdirəcək: “Bu layihələr Almaniya və Avropa şirkətləri üçün unikal əməkdaşlıq imkanları təklif edir. Alman şirkətləri enerji sektorunda liderdir və xüsusilə külək enerjisi sahəsində bizim üçün vacib tərəfdaş ola bilərlər. Əlavə olaraq “yaşıl” hidrogenin istehsalı və onun Almaniya və digər Avropa ölkələrinə ixracı sahəsində əməkdaşlıq imkanları mövcuddur. Biz Almaniya şirkətlərini bütün bu imkanları dəyərləndirməyə dəvət edirik. Bu tərəfdaşlıqlar Avropanın enerji təhlükəsizliyini gücləndirmək və yeni bazarlar açmaq baxımından da faydalı olacaq”.
Xatırladaq ki, tədbirdən əvvəl energetika naziri Pərviz Şahbazov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habekin iştirakı ilə görüş keçirilib. Söhbət zamanı təbii qaz tədarükü, bərpaolunan enerji sahəsində əməkdaşlıq və alman şirkətlərinin iştirakına dair müzakirələr aparılıb, Xəzər dənizində külək enerjisinin böyük potensialından istifadə, “yaşıl” hidrogen istehsalı və onun Avropa bazarlarına ixracı, həmçinin “yaşıl” enerji dəhlizləri infrastrukturlarının inkişafı istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.