Dünən Bakı iqlim konfransı çərçivəsində COP tarixində ilk dəfə olaraq təşkil edilən “Turizm Günü”ndə Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü keçirilib.
Dövlət Turizm Agentliyinin və BMT-nin Turizm Təşkilatının birgə təşkilatçılığı, BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə keçirilən tədbirdə 30-a yaxın ölkədən turizm nazirləri, turizm üzrə məsul qurumların yüksəksəviyyəli rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizmin iqlim dəyişikliyinin təsirinə məruz qaldığını, lakin qlobal iqlim dəyişikliyi ilə mübarizədə xüsusi rola malik olduğunu bildirib. O, Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsinin turizmin milli və qlobal iqlim strategiyalarına, həmçinin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə inteqrasiyası üçün yol xəritəsi olduğunu bildirərək dövlətləri və maraqlı tərəfləri bəyannaməyə qoşulmağa çağırıb. Agentlik sədri ölkəmizin milli səviyyədə turizm sahəsində dayanıqlı təcrübələrin tətbiqində maraqlı olduğunu, dayanıqlı bir dünya üçün qlobal turizm sənayesinin əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb.
COP29-un prezidenti Muxtar Babayev çıxışında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası tarixində ilk dəfə keçirilən tarixi tematik “Turizm Günü”nün turizmin qlobal iqlim gündəliyinə inteqrasiyası, Paris Sazişi və Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırılması istiqamətində mühüm addım olduğunu qeyd edib. Turizmin iqlim fəaliyyətində əhəmiyyətli roluna toxunan natiq dayanıqlı təcrübələrin tətbiqi və innovativ texnologiyalardan istifadə etməklə turizmin dayanıqlılıq, adaptasiya və mitiqasiya üçün bir modelə çevrilə biləcəyini vurğulayıb.
BMT-nin Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili isə bildirib ki, turizm ilk dəfə olaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Fəaliyyət Proqramına daxil edilib. Bu addımı sözügedən sektor üçün əsas dönüş nöqtəsi kimi xarakterizə edən təşkilat rəhbəri turizmin təkcə iqtisadiyyatın bir parçası olmadığını, eyni zamanda, bir sıra icmalar və xalqlar üçün xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O, bu sektorun qlobal ÜDM-in 3,4 faizinə töhfə verdiyini vurğulayaraq deyib: “Bununla belə, biz iqlim böhranı ilə üzləşərkən, turizm də həll yolu olmalıdır. Bakı Bəyannaməsi və Qlazqo Bəyannaməsi kimi təşəbbüsləri qəbul etməklə biz azkarbonlu və dayanıqlı gələcəyə gedən yolları formalaşdırırıq”.
BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersen çıxışında COP29 Sədrliyinin ilk dəfə turizm məsələsini iqlim dəyişikliyi kontekstində qəti şəkildə gündəmə gətirməsinə heyran olduğunu vurğulayıb. O deyib: “Bu, çox vacibdir, çünki emissiyalar üzrə hesabatlar bizə göstərir ki, hazırda doğru istiqamətdə irəliləmirik, 2023-cü ildə emissiyalarımız azalmaq əvəzinə 1,3 faiz artıb. Əslində, 2030-cu ilə qədər 1,5 dərəcə Selsi həddində qalmaq istəyiriksə, emissiyaları 41 faiz azaltmalıyıq. İki dərəcə həddinə çatmaq istəyiriksə, – düşünürəm, bunu istəmirik, – o zaman emissiyaları 28 faiz azaltmalıyıq. Bunun üçün beş ilimiz var, lakin bu, tamamilə mümkündür”.
Görüşün sonunda “Turizm üzrə Təkmilləşdirilmiş İqlim Təşəbbüsü” müzakirə edilib, 50-dən çox ölkə və 8 qeyri-dövlət aktorunun qoşulduğu “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” digər dövlətlərin də iştirakı üçün elan olunub.
Qeyd edək ki, “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” turizm sektorunda iqlim tədbirlərini genişləndirmək məqsədilə sektorun milli və qlobal iqlim siyasətlərinə daha yaxşı inteqrasiya edilməsini əsas hədəf kimi müəyyənləşdirir. Sənəd turizm sektorunda iqlim tədbirlərinin sürətləndirilməsinin təxirəsalınmaz zəruriliyini vurğulayaraq tərəfləri emissiyaları azaltmağa və dayanıqlı turizm təcrübələrini tətbiq etməyə səsləyir.