Azərbaycanda çoxmənzilli yaşayış binalarının səmərəlilik potensialı yüksəkdir
COP29 çərçivəsində Beynəlxalq Enerji Agentliyi ilə birgə təşkil edilmiş sessiyada Azərbaycanda enerji səmərəliliyi siyasəti üzrə Yol Xəritəsinin təqdimatı zamanı bu məsələ diqqət mərkəzində olub.
Mərasimdə çıxış edən energetika nazirinin müavini Orxan Zeynalov ölkəmizin iqlim dəyişikliyinə qarşı mübarizədə beynəlxalq səyləri dəstəklədiyini, istixana qazı emissiyalarını azaltmağı öhdəsinə götürdüyünü, hazırda isə “yaşıl” iqtisadiyyata keçidi sürətləndirmək, bərpaolunan enerji mənbələrinin payını artırmaq və enerji səmərəliliyini gerçəkləşdirmək üçün ciddi addımlar atıldığını bildirib.
Sessiyada enerji səmərəliliyinin ölkənin enerji keçidi siyasətinin və strateji sənədlərinin əsas komponentlərindən biri olduğu, bu istiqamətdə hüquqi və tənzimləyici çərçivənin formalaşdırıldığı qeyd edilib.
Avropa İttifaqının “EU4Energy” proqramı çərçivəsində hazırlanan və ümumilikdə, ölkədə olan enerji səmərəliliyi siyasəti ilə bağlı mövcud vəziyyəti əks etdirən yol xəritəsinə əsasən, respublikamızın çoxmənzilli yaşayış binalarında 50 faizə qədər enerji səmərəliliyi potensialı mövcuddur. Bu potensialın reallaşdırılması nəticəsində illik 4,2 milyard kubmetrədək qaza qənaət edilə, 10 milyon tonadək karbon emissiyası azaldıla və 125 min yeni iş yeri yaradıla bilər.
XQ