“COP sədrlikləri Üçlüyü”nün gələcəyə Yol xəritəsi

post-img

Hədəf 2030-cu ilədək emissiyaları 43 faiz azaltmaqdır

Noyabrın 13-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “COP sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz” mövzusunda müzakirə keçirilib.

COP29-un baş spikeri Yalçın Rəfiyev Birləşmiş Ərəb Əmirliklərinə və Braziliyaya COP29 çərçivəsində apardıqları ardıcıl əməkdaşlığa görə təşəkkürünü bildirib.

O qeyd edib ki, üçlük il ərzində ambisiyaların irəliləməsi, siyasi impulsun artırılması və problemlərin həlli istiqamətində aydın bir trayektoriya izləyərək səylə çalışıb: “Bu il Kopenhagendə “Üçlük”nın rəsmi təqdimatı oldu və biz bütün tərəfləri iqlim fəaliyyətinin bütün sütunlarını, xüsusən də təsirlərin yumşaldılması və ədalətli keçid, uyğunlaşmaya inandırdıq. Müəyyənləşdirilmiş Milli Töhfələrə güclü diqqət ayrıldı”, – deyə Yalçın Rəfiyev bildirib.

Daha sonra COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin tədbir iştirakçılarına müraciəti oxunub.

Müraciətdə Muxtar Babayev güclü tərəfdaşlığa görə Birləşmiş Ərəb Əmirliklərinə və Braziliyaya minnətdarlığını bildirib: “COP29-a sədrliyi qəbul etmək Azərbaycan üçün həm imkan, həm də məsuliyyətdir. Biz 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etmişik və bu, qlobal çağırışların yalnız kollektiv səy və qarşılıqlı dəstək nəticəsində aradan qaldırıla biləcəyinə inamımızı göstərir. Bizim əsas strateji fəaliyyətlərimizdən biri Müəyyənləşdirilmiş Milli Töhfələrin (MMT) icrasını sürətləndirməkdir. Öz MMT-lərinin işlənib hazırlanmasında və həyata keçirilməsində xüsusən də imkanları məhdud olan ölkələrə dəstək vermək çox vacibdir. Məqsədimiz qlobal istiləşmənin 1,5 dərəcə Selsi ilə məhdudlaşdırılması hədəfinə nail olmaqdır”, – deyə COP29 Prezidenti bildirib.

Braziliyanın ətraf mühit və iqlim dəyişmələri naziri Marina Silva 400 milyon tondan çox karbon emissiyasının qarşısını aldıqlarını bildirib və qeyd edib ki, bu da bir çox ölkələrin illik emissiyasından daha böyükdür. “Məqsədimiz birlikdə həll yollarını müəyyən etmək və COP30-a doğru fəaliyyətimizi gücləndirməkdir.”

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil Dubaydan BƏƏ konsensusunda öz əksini tapmış Qlobal Baxışa dair çox aydın təlimatla ayrıldığını bildirib.

COP28-in baş icraçı direktoru Adnan Amin gözləntilərinin Paris məqsədlərinə uyğunlaşmaq üçün 2030-cu ilə qədər emissiyaları 43 faiz azaltmaq olduğunu qeyd edib. O bildirib ki, uyğunlaşma və dayanıqlılıq üzrə ardıcıl tədbirlər görülməlidir və bu, maliyyə ilə dəstəklənməlidir: “Dubayda ilk dəfə qəbul etdiyimiz BƏƏ konsensusu təsirlərin yumşaldılması üzrə konkret, hədəfyönümlü nəticəni özündə əks etdirib”, – deyə COP28-in baş icraçı direktoru əlavə edib.

ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə elçisinin müavini Sue Biniaz Braziliyaya 28-ci və 33-cü bəndlərə istinad edərək Qlobal Baxışın nəticəsini faydalı şəkildə təsdiq etdiyinə görə təşəkkür edib və qeyd edib ki, COP29-da həmin müddəalar daha da işlək vəziyyətə salınmalıdır: “Tərəflər 39-cu maddədə göstərilən Qlobal Baxışın tələblərini yerinə yetirməli və istixana qazları və 1,5 hədəfinə dair tələbləri əks etdirən Müəyyənləşdirilmiş Milli Töhfələri (MMT) təqdim etməlidir. 1,5 hədəfini saxlamaqdan daha vacib heç nə yoxdur. Biz, həmçinin inkişaf etməkdə olan ölkələrə və onların MMT-lərinin tərtibatına dəstək olmaq üçün tərəfdaşlığı yüksək qiymətləndiririk”.

Macarıstanın İqlim Siyasəti üzrə Dövlət Katibinin müavini Daniyella Deli və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının administratoru Achim Steyner də çıxışlarında 1,5 hədəfinə nail olmaq üçün görüləcək işlərdən, Müəyyənləşdirilmiş Milli Töhfələrin icrasından, “Üçlük” sədrliyinin bu istiqamətdə aktiv səylərindən bəhs ediblər.

Qeyd edək ki, “Üçlük” ölkələrinə Birləşmiş Ərəb Əmirlikləri (COP28), Azərbaycan Respublikası (COP29) və Braziliya (COP30) aiddir.

XQ

Ekologiya