Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Agentliyinin maliyyə dəstəyi ilə Əlil Təşkilatları İttifaqı “Yaşıl Dünya Naminə İnklüzivlik” layihəsini həyata keçirir. Layihənin məqsədi əlillik mövzusunun COP gündəliyinə salınması və əlilliyi olan şəxslərin COP-larda iştirakının təmin olunmasını təşviq etməkdir. Layihənin beynəlxalq tərəfdaşı Ərəb Ölkələri Əlilliyi olan Şəxslərin Təşkilatları Birliyidir. Bu barədə XQ-yə Əlil Təşkilatları İttifaqından məlumat verilib.
Bildirilib ki, layihənin fəaliyyət planı çərçivəsində Ərəb Ölkələri Əlilliyi olan Şəxslərin Təşkilatları Birliyi, Avropa Əlillik Forumu, Beynəlxalq Əlillik Alyansı, Mərkəzi Asiya ölkələrinin əlilliyi olan şəxslərin təşkilatları və Azərbaycan Əlil Təşkilatları İttifaqının üzvlərindən ibarət Koalisiya yaradılmışdır. Bu şəbəkənin müntəzəm görüşləri keçirilir. Həmin təşkilatların nümayəndələri üçün “İqlim dəyişmələrinin əlilliyə təsiri, əlilliyi olan şəxslərin və onların təşkilatlarının COP-larda iştirakçılığı” mövzusunda 2 günlük beynəlxalq təlim keçirilib.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Qarabağ Dirçəliş Fondunun, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman), Hüquq və İnsan Hüquqları İnstitutunun, Sosial Tədqiqatlar Mərkəzinin, QHT-nın nümayəndələri gündəlikdə duran məsələ ilə bağlı çıxışlar edib təkliflərini veriblər.
Əlil Təşkilatları İttifaqının növbəti tədbiri noyabrın 20-də COP29 Yaşıl Zonada milli və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçiriləcək.
Z.BAYRAM
XQ