Dünya əhalisinin evi sayılan Yer kürəsi son dərəcədə ciddi ekoloji problemlərlə üz-üzədir. Hazırda əksər dövlətlərin siyasətində canlı aləmin təhlükəsizliyinin təmin olunması, sosial yaşayışın yaxşılaşdırılması və təmiz ekoloji mühitin yaradılması məsələləri yer alır. Ekoloji həssaslıq ətraf mühitin qorunması strategiyası, insanların sağlam mühitdə yaşamasının təmin edilməsi, meşə və yaşıllıq massivlərinin salınması Azərbaycan dövlətinin də bu sahədə siyasətinin tərkib hissədir. Əbəs yerə deyildir ki, BMT-nin İqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cü sessiyasına – COP29 kimi mötəbər tədbirə ölkəmiz evsahibliyi edir. Bununla yanaşı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.
2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməkdə, COP29 kimi mühüm tədbiri öz öhdəsinə götürməkdə məqsəd ətraf mühitin qorunması istiqamətində əhəmiyyətli addımların atılması ilə yanaşı, Yer kürəsini bütün ölkələrlə birlikdə qorumaqdan ibarətdir.
Bildiyimiz kimi, dünya adlı evimizdə bütün canlı varlıqlar bir-biri ilə əlaqəlidir. Ali varlıq olan Adəm övladı təbiəti qorumaq, ona qayğı göstərmək məsələsində böyük məsuliyyət daşıyır. Çünki təbiət Allahın yaratdığı insana verdiyi əvəzsiz nemətdir. Bütün dinlərdə təbiətin mühafizəsi ön plandadır. Bəzi qədim inanclarda təbiəti canlı olmaqla yanaşı, müqəddəs varlıq kimi qələmə verirdilər. Buna misal olaraq havanın xoş keçməsi, yağışın yağması üçün mürəkkəb dini ayinlər mövcud idi.
Monoteist dinlərin ən qədimi hesab edilən Yəhudiliyin müqəddəs kitabı olan Tövratda ağacların kəsilməsinin qadağan edilməsi (20:19), dənizdəki balıqların, göydəki qanadlı məxluqlara, ev heyvanlarının, Yer üzündəki bütün heyvanların qorunması və onlara qayğı göstərilməsi tələb edilmişdir (Yaradılış 1:26-28). Dini bayramlardan hesab edilən yanvar ayının son, fevralın əvvəli ağacların yeni ilinin qeyd edilməsidir. Həmçinin hər altı ildən bir qeyd edilən şabbat ili və şənbə mərasimində təbii sərvətlərdən az istifadə edirlər. Hazırda eko-yəhudilik anlayışı dünyada ekosistemin qorunmasına böyük töhfələr verir. Bu sistemdə dünyanı təmin etmək, dayanıqlı və orqanik kənd təsərrüfatı məhsullarını, yenilənə bilən enerji, tullantıların azaldılması, suya qənaət, heyvan və biomüxtəliflkiyə qayğı və başqa mühüm işlər daxildir.
Ən böyük səmavi din olan xristianlıqda müqəddəs Bibliya və İsa Məsihin (ə.) təlimlərinə əsaslanaraq ekologiya mühüm yer tutur. Müqəddəs Bibliyaya görə, insan yer üzünün qəyyumudur. Həzrət İsanın (ə.) təlimləri insanın təbiətlə əlaqəsi sevgi və ədalətlə davranışları öyrədilir. İsa (ə.) suyun üzərində gəzir (Matta, 22), insanların qidası üçün balıqların sayını çoxaldır (Yəhya, 6: 1-14),fırtınanı sakitləşdirir. Bu müqəddəs kəlamlar insan və ətraf mühit arasında harmoniyanı, qarşılıqlı əlaqələri ifadə edir.
Xristianlarda ekoloji inkişaf müəyyən mərhələlərdən keçmiş, ilk kilsədən müasir teoloqlara qədər zamanla formalaşmışdır. Bu formalaşmaya yaşıl məbədlərin yaradılması, ekologiyadan ədalətli istifadəsi üçün dini liderlər, o cümlədən Papa Fransisk təsir etmişdir. Dini liderlər çıxışlarında bu istiqamətdə görülən işlərə xüsusi ilham vermiş, xristian əxlaqını əks etdirən təbliğatlar aparırlar. Göylər Allahın şanını, səma isə Onun gördüyü işi bildirir (Məzmur,19:1).
İslam dini də ekosistemə qayğı anlayışını daha geniş və inteqrasiya olunmuş formada təqdim edir. Bu dinin əsasını təşkil edən Qurani-Kərimdə və İslam peyğəmbərinin (s.) kəlamlarında ətraf mühitin müqəddəsliyi və ekoetika məsələlərində müsəlman əxlaqının hansı səviyyədə olduğunu görürük. Allah-Təala Yer planetinin xəlifəsi olan insanı (Bəqərə 30, Hud 61) yaşadığı yerdə fitnə-fəsad törətməkdən çəkindirir (Bəqərə 205, Rum 41, Qəsəs 77). Quran ayələrindən anlaşılır ki, insanların hazırki fəaliyyəti, müharibələr ekosistemə böyük ziyan vurur. Yuxarıda qeyd etdik ki, Quranın təbirincə, insan Allahın Yerdəki xəlifəsidir, xəlifə olaraq məsuliyyəti böyükdür. O, Yer planetinin flora və faunasının qorunmasına cavabdehdir. Quranın ən-Nəhl (bal arısı) və əl-Ənam (mal-qara) surələrində bitki həyatının müxtəlifliyi, canlıların bir-biri ilə bağlı olmasından, ağac və yaşıllıqların həyatı təmin etməsindən bəhs edir. Göydən faydalı yağışın nazil olması, ildırımın çaxması, gecə-gündüzün növbələşməsi, suyun müqəddəsliyindən, heyvanlara qayğı, ağac əkmək, ağacları kəsməmək, əsassız olaraq canlı öldürməmək kimi ekosistemin qorunması kimi ayələri görürük (Bəqərə 22, Nəhl 5). İslam Peyğəmbərinin (s.) kəlamlarında “axar çayın kənarında olsanız belə dəstamaz alarkən suyu israf etməyin (Sunən ibn Macə).
Hələ İslamın ilk illərində (VIII – XIV) böyük bir yaşıl inqilab yaşanmışdır. Həmin illərdə kənd təsərrüfatında suvarma, əkin, məhsulun yığılması sahəsində böyük təcrübələr qazanmışlar. Bu gün də İslam ölkələri “Yaşıl dünya” təcrübəsini dəstəkləyir və bu işlərdə fəal iştirak edirlər.
İslam dünyasının bir parçası sayılan Azərbaycan da iqlim dəyişikliyi ilə bağlı qlobal dialoqun əsas iştirakçılarından biridir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ekoloji tarazlığın bərpası istiqamətində mühüm tədbirlər görülmüşdür. Uzun illər işğal altında olan torpaqlarımız ermənilər tərəfindən ekoloji terrora məruz qalmışdır. Bu gün cənab Prezidentin nəzarəti altında həmin ərazilərdə bərpa işləri aparılır.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ölkəmizdə onun səyi ilə ekologiyanın sağlamlaşdırılması, yeni yaşıllıqların salınması istiqamətində aparılan işlərin məntiqi davamıdır.
Azərbaycanın dini konfessiya nümayəndələri Qafqaz Müsəlmanları İdarəsi sədrinin rəhbərliyi ilə ölkəmizə qarşı törədilən etnik təmizlənmə, Xocalı soyqırımı, mina terroru, vətənmizin ekologiyasına vurulan ziyanlar barədə dəfələrlə dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, dünya dini mərkəzlərinə bəyanat və müraciət ünvanlamışlar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq ölkədə fəaliyyət göstərən dini icmaların təşkilatçılığı ilə ağacəkmə kampaniyaları təşkil edir.
COP29 çərçivəsində dini liderlər Bakı və işğaldan azad olunmuş ərazilərdə 5-6 noyabr tarixlərində bir araya gələrək ekosistemə dinin nəzəri məsələlərini müzakirə edəcəklər. Qafqaz Müsəlmanları İdarəsi sədrinin Misir Ərəb Respublikası müftisinin müşaviri İbrahim Nəcm ilə həmmüəllif olduğu “Dinlər və ekoetika”, həmçinin Şeyxülislam Allahşükür Paşazadənin müəllifliyi ilə ərsəyə gələn “Yaşıl dünya – İlahi nemət” kitabları ekoloji böhranla mübarizə aparan təşkilatlar üçün dəyərli vasitədir. Qeyd edək ki, “Dinlər və ekoetika”, “Yaşıl dünya – İlahi nemət” kitabları Azərbaycan və ingilis dillərində nəşr edilmişdir.
Beləliklə, Azərbaycan ətraf mühitlə bağlı mövcud olan problemlərin həllində bütün sahələri əhatə edərək faydalı işlər görməkdədir. Əqidəsindən asılı olmayaraq azərbaycanlılar ekoloji məsələləri gündəlik həyatlarına daxil etmişlər. İnanclılar da öz növbəsində ənənəvi təlimlərə əsaslanaraq, Allahın bütün yaratdıqlarına olan qayğını teoloji əxlaq olaraq həyata keçirirlər.
Samid QULİYEV,
Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, teoloq