Energetika Nazirliyindən aldığımız məlumata görə, nazir Pərviz Şahbazov Çində energetika nazirlərinin “Kəmər və yol” konfransı çərçivəsində keçirilən forumda bazar sabitliyi, etibarlı təchizat və bərpaolunan enerjidə dəyişkənliyin səmərəli idarə edilməsində diversifikasiyanın vacib amil olduğunu bildirib.
Çıxışda diversifikasiyanın bərpaolunan enerji mənbələrinə əsaslanan müasir qlobal enerji arxitekturasının da əsas prioritet olduğu vurğulanıb, eyni zamanda, enerji təhlükəsizliyi və şaxələndirmənin sadəcə seçim deyil, həm də həyati vacib zərurət kimi diqqət çəkdiyi qeyd edilib.
Bildirilib ki, Azərbaycanın təşəbbüsü olan Bakı–Tbilisi–Ceyhan və Cənub Qaz Dəhlizi layihələri ilə tarixdə ilk dəfə Xəzər Aralıq və Adriatik dənizləri ilə birləşdirilərək, Avropanın enerji xəritəsini dəyişən, şaxələndirilmiş enerji mənbələri və marşrutlarının unikal modelinə çevrilib. Şaxələndirilmiş marşrutlar sayəsində Azərbaycan 10 ölkəni qaz, 30-a yaxın ölkəni isə neftlə təchiz edir. Ötən il neft ixracının 75 faizi, qaz tədarükünün isə 50 faizi Avropanın payına düşüb. Azərbaycan beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş olduğunu sübuta yetirib. İndi isə ölkəmizin enerji təchizatında rolunu “yaşıl” enerji ilə daha da şaxələndirən və genişləndirən strateji əhəmiyyətli gündəlik həyata keçirilir. Türkiyə, Avropa və Mərkəzi Asiya istiqamətlərində “yaşıl” enerji dəhlizlərinin yaradılması bu gündəliyin mühüm prioritetləridir.
“Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji dəhlizi” layihəsinin texniki–iqtisadi əsaslandırmasının ilkin hesabatının COP29 çərçivəsində keçiriləcək “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi üzrə Liderlər Sammiti”ndə təqdim ediləcəyi, 2025-ci ildən isə layihənin fəal icra mərhələsinə daxil olacağı bildirilib. “Yaşıl Enerji Zonası” konsepsiyasının tərkib hissəsi kimi reallaşdırılan və 1 QVt ötürmə gücünə malik “Azərbaycan–Türkiyə –Avropa” “yaşıl” enerji dəhlizinin isə texniki–iqtisadi əsaslandırmasına başlanıldığı, həmçinin COP29 zamanı “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş”in imzalanacağı barədə məlumat verilib.
Energetika naziri deyib ki, bu dəhlizlər şəbəkə dayanıqlığının artırılmasında, regionlar arasında daha geniş bərpa olunan enerjinin inteqrasiyasının dəstəklənməsində və balanlaşmanın təmin edilməsində interkonnektorların mühüm rolu ilə bağlı qlobal çağırışlara cavab verən unikal layihələrdir. Təchizatın təhlükəsizliyini gücləndirəcək, eyni zamanda, təmiz enerjiyə keçidi sürətləndirəcək bu “yaşıl” enerji dəhlizləri “Kəmər və yol” təşəbbüsünün də enerji təhlükəsizliyi, ekoloji dayanıqlılıq və iqtisadi inkişafla bağlı məqsədlərinə töhfə verəcək.
Konfransda Azərbaycanın “yaşıl” enerji dəhlizləri və interkonektorların inkişafını özünün COP29 Sədrliyinin əsas enerji təşəbbüsü kimi elan etdiyi də diqqətə çatdırılıb. Yeri gəlmişkən, bir müddət bundan əvvəl Macarıstanın Baş naziri Viktor Orbanın mətbuat katibi Zoltan Kovaç “X” sosial şəbəkəsində ölkəsinin xarici işlər naziri Peter Siyartoya istinadla Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyadan olan enerji operatorlarının tezliklə “yaşıl” enerji sahəsində tərəfdaşlıq haqqında yenilənmiş sazişi imzalamağı planlaşdırdıqlarını bildirib.
Z.Kovaç daha sonra “yaşıl” enerjinin Azərbaycan və Gürcüstandan Macarıstan və Rumıniyaya idxal etməyə imkan verən layihənin praktiki icrasına yaxınlaşdığını, bununla bağlı Macarıstan–Azərbaycan–Gürcüstan–Rumıniya tərəfdaşlığına dair Buxarestdə keçirilən görüşdə milli təhlükəsizliyin əsas elementi kimi enerji təhlükəsizliyinin vacibliyinin vurğulandığını, eyni zamanda, “Azərbaycan–Gürcüstan–Avropa Qara dəniz vasitəsilə “yaşıl” enerji dəhlizi” layihəsinin Gürcüstan və Azərbaycandan yeni enerji mənbələrinin reallaşacağına şərait yaradacağını, bununla da Macarıstanın enerji istehlakında dayanıqlığının artacağını qeyd edib.
Paylaşımda, həmçinin layihədə iştirakçı ölkələrin elektrik enerjisi şirkətlərinin birgə müəssisə yaradılması və tezliklə “yaşıl” enerji sahəsində tərəfdaşlıq haqqında dəyişdirilmiş sazişin imzalanmasının planlaşdırılması diqqətə çatdırılıb. Məlumatda belə layihələrin uğurunun çox vaxt maliyyələşdirmədən asılı olduğu, Avropa İttifaqının bu layihəyə lazım olan infrastrukturun inkişafı üçün maliyyə dəstəyi göstərəcəyinə ümid edildiyi bildirilib. Paylaşımın sonunda 1100 kilometrlik sualtı kabelin uzunluğuna görə rekord olacağı və layihə başa çatdıqdan sonra “yaşıl” enerjinin idxalının asanlaşacağı vurğulanıb.
Xatırladaq ki, Rumıniyanın paytaxtı Buxarest şəhərində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə 8-ci Nazirlər–Rəhbər Komitənin iclası keçirilib. Energetika Nazirliyindən aldığımız məlumata görə, toplantıda Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Rumıniyanı energetika naziri Sebastian-İoan Burduja, baş katib Mirça Abrudean, Gürcüstanı Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Macarıstanı isə xarici işlər və ticarət naziri Peter Siyarto təmsil ediblər. Görüşə Bolqarıstan, Avropa Komissiyası, ötürücü sistem operatorları və CESI şirkətinin nümayəndələri də qatılıblar.
İclasda layihənin CESI şirkətinin həyata keçirdiyi texniki–iqtisadi əsaslandırmasının cari vəziyyəti, birgə müəssisənin təsis edilməsi ilə bağlı görülən işlər, “yaşıl” enerji dəhlizinin fiber–optik komponenti, həmçinin Bolqarıstanın layihəyə inteqrasiyası imkanlarına və digər istiqamətlərə dair məsələlər müzakirə edilib.
2022-ci il dekabr ayının 17-də imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl” enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”də Rumıniya ilə respublikamız arasında bərpaolunan mənbələrdən elektrik enerjisinin nəqli üçün Gürcüstan və Qara dəniz vasitəsilə sualtı kabelin çəkilməsi nəzərdə tutulub və 1000 meqavat gücündə 1195 kilometr (1,1 min kilometr sualtı və 95 kilometr yerüstü) uzunluğunda sualtı elektrik kabelinin tikintisi qərara alınıb. Bu anlaşma ilə Qara dəniz hövzəsində milli və regional enerji təhlükəsizliyinin güclənməsi, təchizat mənbələrinin şaxələndirilməsi və Xəzərdə bərpaolunan enerji istehsalı potensialının kapitallaşdırılması ilə bağlı dörd ölkə arasında əməkdaşlığın əsası qoyulub.
Layihənin əhəmiyyətini nəzərə alan Dünya Bankının İcraçı Direktorlar Şurası elektrik enerjisi və bərpaolunan enerji mənbələri proqramı vasitəsilə Qara dənizin dibinin geofiziki və geotexniki tədqiqatlarının aparılmasının maliyyələşdirilməsi üçün 35 milyon dollar məbləğində krediti təsdiqləyib. Avropa İttifaqı isə Şərq Tərəfdaşlığı İnvestisiya Planına əsaslanaraq layihəyə 2,3 milyard avro ayırmaq niyyətini bəyan edib. Eyni zamanda, Avropa Yenidənqurma və İnkişaf Bankı bu layihəyə dəstək məqsədilə müzakirələrə başlayıb.
Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, “yaşıl” enerji təchizatçısına çevrilməyi planlaşdırır. Çünki Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, respublikamızın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 qiqavat, dənizdə 157 qiqavatdır. “Yaşıl” enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən, külək enerjisi üzrə 3000 meqavat, günəş enerjisi üzrə 23000 meqavat, bioenerji potensialı 380 meqavat, dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir. Əlbəttə, bu göstəricilər xarici strateji investorların Azərbaycanın enerji bazarı üçün maraqlı olmasını deməyə əsas verir.
Xəzər regionundan Avropa İttifaqı ölkələrinə Gürcüstan və Qara dəniz vasitəsilə sualtı kabelin çəkilməsi 4 qiqavata qədər “yaşıl” enerjinin ötürülməsini asanlaşdıracağı gözlənilir. Eyni zamanda, bu layihə ilə yanaşı, Xəzər regionundan Avropa İttifaqına “yaşıl” hidrogenin çatdırılması üçün sistemin yaradılması da diqqətdə saxlanılır. Artıq Xəzər dənizindən Qara dənizə, oradan da Avropaya istiqamət götürəcək bu layihənin texniki–iqtisadi əsaslandırılması sonuncu mərhələyə qədəm qoyub. Layihənin texniki-iqtisadi əsaslandırılmasını İtaliyanın CESİ şirkəti həyata keçirir. Texniki–iqtisadi əsaslandırmanın bu ilin sonuna qədər hazır olacağı gözlənilir.