Bosniya və Herseqovinanın BMT yanında daimi nümayəndəsi, bu ölkənin sabiq baş naziri Zlatko Laqumdzija mediaya müsahibəsində Azərbaycanın COP29-a evsahibliyi etməsinin tarixi hadisəyə çevrildiyini və bu tədbirə yüksək səviyyədə hazırlaşdığını bildirib.
Diplomat vurğulayıb ki, COP29-un əsas məsələlərindən biri iqlim dəyişikliyinin maliyyəsidir. Bu mövzuda Azərbaycan paytaxtında dünyanın çox böyük gözləntiləri var: “Ötən müddət ərzində COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayevin rəhbərliyi altında uğurlu danışıqların və görüşlərin keçirilməsi diqqətəlayiqdir. Azərbaycanın sədrliyi ilə keçirilən COP29-da iqlim maliyyəsi ilə bağlı əhəmiyyətli irəliləyiş olacağına böyük inam bəslənilir”, – deyə diplomat söyləyir.
COP29-un mövzu baxımından çox geniş və fərqli təşəbbüslərlə zəngin olduğunu bildirən Z.Laqumdzija qeyd edib ki, bu gün Azərbaycanda səhiyyə, təhsil, innovasiya, elm, texnologiya, iqlim dəyişikliyinə qadınların cəlb olunması, gender məsələləri və digər mövzular geniş müzakirə edilir. Bu sahələrdə aparılan paralel danışıqlar COP29-da vahid bir platformada birləşəcək. Hər bir təşəbbüsün uğurlu nəticələrini təhlil etmək vacibdir.
COP29-u digərlərindən fərqləndirən ən əsas cəhətlərdən biri də daha çox maraqlı tərəflərin iştirak etməsidir. Müxtəlif qeyri–hökumət təşkilatları, biznes ictimaiyyəti və digər bir sıra qurumlar bu tədbirdə təmsil olunacaq. Artıq yüzdən çox ölkə liderinin və dövlət nümayəndələrinin COP29-da iştirak edəcəkləri məlumdur. Hər kəs anlayır ki, əgər iqlim dəyişikliyinə qarşı təcili addımlar atılmasa, nəticələri çox ağır olacaq və bütün sektorlar bu təsirlə üzləşəcək”.