BMT-nin COP29-da iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai iqlim fəaliyyətində tədqiqat və əməkdaşlığın genişləndirilməsi mövzusunda keçirilən konfransındakı çıxışında iqlim problemlərinin fəsadları ilə mübarizə istiqamətində müəyyənləşdirilən hədəflərə çatmaq üçün elmin gücündən istifadə etməyin zəruriliyini bildirib.
O qeyd edib ki, dünya artıq kritik dönəmdədir: “Alimlərin fikrincə, planetə zərər verə biləcək nəticələrin astanasındayıq. İqlim dəyişiklikləri ilə əlaqədar ən son elmi biliklərin qlobal siyasətə təsirini gücləndirmək vacibdir. Bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsi zəruridir. Ölkələr ən yaxşı təcrübələri bölüşmək üçün birlikdə fəaliyyət göstərməlidir. Özəl sektorun da bu fəaliyyətdə fəal tərəfdaş olması önəmlidir”.
N.Arpadarai vurğulayıb ki, akademik və tədqiqat əməkdaşlıqları iqlim araşdırmalarının önündə gedir: “İqlim tədqiqatlarına və inkişafına maliyyələşdirmənin artırılması, bu tədqiqatlara əlçatanlığın təmin olunması lazımdır. Hazırda iqlim dəyişikliyi sahəsində irəli sürülən 14 təşəbbüs aktualdır. Biz bu təşəbbüslərdən biri kimi insan kapitalının artırılması və ətraf mühitlə bağlı maarifləndirmənin genişləndirilməsini irəli sürmüşük”.