Azərbaycan Dövlət Neft Şirkəti vitse-prezidentinin müavini Teymur Quliyev Bakıda keçirilən “Caspian Energy Forum”dakı çıxışında təmsil etdiyi qurumun emissiyaların azaldılmasının əlavə yollarını araşdırdığını bildirib.
Onun sözlərinə görə, iki il əvvəl şirkətin təşəbbüsü ilə “yaşıl” enerjiyə keçidə başlanıb: “Dövlət Neft Şirkəti həmişə neft və qaz sahəsində ixtisaslaşmış enerji qurumu kimi tanınıb. Lakin bu gün enerji keçidinə doğru qlobal trend müşahidə olunur və bir çox aparıcı şirkətlər artıq davamlı enerjiyə böyük maraq göstərirlər. Dövlət Neft Şirkəti bu nümunələri nəzərdən keçirərək ötən COP28 konfransı ərəfəsində bu işlərə start verib”.
T.Quliyev qeyd edib ki, proses çətin olub, çünki ölkədə “yaşıl” enerji və dekarbonizasiya sahəsində mütəxəssislər çatışmayıb. Ona görə də şirkət bu vəzifəni həyata keçirmək üçün prosesi sürətləndirmək və qısa müddətdə müsbət nəticələr əldə etmək üçün beynəlxalq ekspertləriin iştirakını gerçəkləşdirib.
Dövlət Neft Şirkəti vitse-prezidentinin müavini bildirib ki, COP28-də təmsil etdiyi qurum ilk dəfə olaraq dekarbonizasiya hədəflərini ictimaiyyətə çatdırıb: “Əsas məqsəd 2050-ci ilə qədər sıfır xalis emissiyaya nail olmaqdır. Növbəti mərhələyə şirkətin hədəflərinin bölüşdürülməsi daxildir ki, bu çərçivədə “yaşıl” enerji layihələrinin həyata keçirilməsi ilə məşğul olan “SOCAR Green” şirkəti yaradılıb.