Hazırda iqlim dəyişikliyinə gətirib çıxaran və genişmiqyaslı səmərəli mübarizə tədbirlərinin gerçəkləşdirilməsi zərurəti yaradan ətraf mühitin çirklənməsi dünya əhalisinin sağlamlığını ciddi təhlükələrlə üz-üzə qoyur. Ətraf mühitin çirklənməsinin isə başlıca səbəbi atmosferdə istixana qazlarının – karbon emissiyalarının getdikcə artması ilə bağlıdır. Məlum olduğu kimi, son illər avtomobillərin yandırdığı yanacaq və binaların qızdırılması zamanı istifadə olunan daş kömür atmosfer havasını daha çox çirkləndirir. Metan emissiyalarının əsas mənbələri isə kənd təsərrüfatı və neft-qaz sənayesidir. Bir sözlə, istixana qazlarının əsas mənbələri enerji, sənaye, nəqliyyat, binalar, kənd təsərrüfatı və torpaqdan istifadədir.
Son illər müşahidə olunan şiddətli quraqlıqlar, daşqınlar, su qıtlığı, yanğınlar, dəniz səviyyəsinin qalxması, qütb buzlaqlarının əriməsi, dağıdıcı tufanlar, eləcə də biomüxtəlifliyin itməsi, qida çatışmazlığı, artan sağlamlıq riskləri, yoxsulluq və məcburi köçkünlərin sayının artması da qlobal iqlim dəyişikliyinin cari təsirlərinə daxildir.
İqlim dəyişikliklərinə əvvəlki dövrlərdə də təsadüf olunub. Lakin XX əsrin ortalarından başlayaraq Yer kürəsinin iqlim sistemi misli görünməmiş təsirlərə məruz qalıb. Bu da qlobal miqyasda ciddi dəyişikliklərlə nəticələnib. Belə bir təhlükəli şərait isə onilliklər ərzində atmosferdə toplanan su buxarı, karbon qazı, metan, azot oksidi kimi Günəş işığı ilə qızdırılan, Yer səthindən infraqırmızı istilik şüalarını udan qazlar tərəfindən meydana gəlir. Başqa sözlə, Günəşdən gələn şüaların bir hissəsi ozon təbəqəsi və atmosferdəki qazlar tərəfindən sovrulur. Günəş şüalarının digər qismi litosferdən, başqa bir qismi isə buludlardan geriyə əks olunur. Yer üzünə çatan şüalar geriyə dönərkən atmosferdəki su buxarı və digər qazlar tərəfindən tutulur. Bu hadisə Günəş şüaları ilə qızınan, amma daxildəki istiliyi çölə buraxmayan istixanaları xatırladır. Nəticədə atmosfer havası normadan artıq qızır ki, bu da istixana effekti adlanır.
İqlim dəyişikliyinə səbəb olan digər amil kosmosun istismarıdır. Belə ki, kosmosa buraxılan raketlər atmosferin yuxarı həddində ozon qatını zədələyərək atmosferdə istixana effekti yaradır. Ozon təbəqəsinin nazilməsi də qlobal istiləşməyə yol açan səbəblərdən biridir. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun hesabatına görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. BMT-nin hesabatında isə göstərilir ki, son 150 ildə dünyada temperatur 1 dərəcə yüksəlib. Ehtimallara görə, əgər Yer kürəsində temperatur bu sürətlə qalxmaqda davam etsə, 2050-ci ilə qədər hərarət 2-2,5 dərəcə, 2100-cü ilə qədər isə 6 dərəcəyə qədər yüksələ bilər. Müəyyənləşdirilib ki, temperaturun artması okeanda suyun 1000 metr dərinliyinə qədər hiss olunurdusa, indi bu rəqəm 2000 metrə enib. Bu da isti axınların daha da artmasına səbəb olub.
Bu ümumbəşəri problemi həll etmək üçün 1992-ci ildə Rio-de-Janeyroda BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Konfransında insanların iqlim sisteminə təhlükəli müdaxiləsi ilə mübarizə aparmaq üçün 154 dövlət tərəfindən “İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası” imzalanıb. Sözügedən sənəddə atmosferdə istixana qazlarının konsentrasiyalarının iqlim sisteminə təhlükəli antropogen müdaxiləsinin qarşısını alacaq səviyyədə sabitləşdirilməsi mühüm vəzifə kimi önə çəkilib.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da son illər temperatur 0,4-1,3 dərəcəyədək artıb. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanıb. Belə ki, Böyük Qafqazın yüksək dağlıq ərazilərində temperaturun 1,1-1,3 dərəcə artması müşahidə olunub. Ölkəmizdə aparılan tədqiqatlara əsasən, 1961–1990-cı illərlə müqayisədə 1991–2012-ci illərdə temperatur artımı 0,2-1,5°C intervalında dəyişib. Artıq Azərbaycan iqlim dəyişmələrinin təsirlərinə yüksək dərəcədə həssas olan ölkə kimi qeydə alınıb.
Qlobal istiləşmə Yer kürəsində təbii fəlakətləri artırıb, təbii resurslara, insanların həyat tərzinə mənfi təsir edib. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufan və çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti külək, qasırğa, yağıntılar güclənib, eyni zamanda sel və daşqın hadisələrinin sayı artıb. Heç şübhəsiz, bütün bu təbii fəlakətlərin artmasında əsas amil iqlim dəyişiklikləri olub.
Yeri gəlmişkən, dünya dövlətlərinin COP29-un Azərbaycanda keçirilməsini dəstəkləməsi heç də təsadüfi deyil. Məlum olduğu kimi, ölkəmizin bərpaolunan enerji potensialı olduqca yüksəkdir və zənginlikdən istifadə edilməsi ilə bağlı ciddi addımlar atılmaqdadır. Prezident İlham Əliyevin hələ 2004-cü ilin oktyabrın 21-də “Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı Sərəncam Azərbaycan Respublikasının bu istiqamətdə irimiqyaslı layihələrin həyata keçirilməsinə imkan yaradılıb.
Sərəncamın icrası ilə əlaqədar artıq respublikamızda böyük həcmli işlər görülüb. İşğaldan azad edilmiş torpaqlarımızın bərpaolunan enerji potensialının hərəkətə gətirilməsi istiqamətində həyata keçirilən addımları da nəzər alsaq, bu işlərin geniş miqyas alacağı qətiyyən şübhə doğurmur. Eyni zamanda, Prezident İlham Əliyevin qətiyyəti, sarsılmaz iradəsi, nəyi necə və nə vaxt etmək lazım olduğunu dəqiqliklə bilməsi Azərbaycan Respublikasının dünyanın prioritet elan etdiyi “yaşıl” enerji keçidinə də öz töhfəsini verəcəyinə əminlik yaradır.
Azər ŞÜKÜROV,
texnika elmləri üzrə fəlsəfə doktoru