“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin 2024-cü ilin birinci yarısı üzrə icrasına dair “Yaşıl enerji məkanı” İşçi qrupunun iclası keçirilib.
İclasa sədrlik edən energetika nazirinin müavini Samir Vəliyev çıxışında adıçəkilən strategiyanın icrası çərçivəsində reallaşdırılan layihələrin “Yaşıl dünya naminə həmrəylik ili” üzrə həyata keçirilən tədbirlərlə həmahəng təşkil etdiyini vurğulayıb. İşçi qrupun iclaslarının müntəzəm keçirilməsinin hesabatlılığın səmərəliliyini artırdığını qeyd edib.
İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn strategiyanın icrasının 2024-cü ilin ilk yarısı üzrə monitorinq nəticələrinə dair ilkin qiymətləndirmə hesabatını təqdim edib.
İclasda qaz və istilik təchizatı sahəsində dövlət‒özəl tərəfdaşlığının inkişaf etdirilməsi, dənizdə külək enerjisi potensialının araşdırılması, bioenerji və geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi, bərpaolunan enerji mənbələri üzrə informasiya sisteminin yaradılması, Elektromobillik üzrə Milli Planın hazırlanması, enerji saxlanc sistemlərinin tətbiqi, karbon tutulması, utilizasiyası və saxlanması texnologiyalarının tətbiqi və digər istiqamətlərdə gerçəkləşdirilən layihələr haqqında danışılıb.