COP29 Azərbaycan Əməliyyat Şirkəti yerli otellərin təhlükəsizliyi və dayanıqlılığının artırılması istiqamətində təlim proqramının icrasına başlayıb.
Təlim proqramı beynəlxalq qida təhlükəsizliyi tələb və qaydalarının baza prinsipləri əsasında Azərbaycana məxsus yerli xüsusiyyətlər nəzərə alınmaqla tərtib edilib və Ətraf Mühitin Sağlamlığı üzrə Lisenziyalı İnstitut tərəfindən təsdiqlənib.
Layihənin əsas məqsədi COP29 konfransı zamanı dünyanın müxtəlif ölkələrindən respublikamıza səfər edəcək çoxsaylı ziyarətçilərin ən yüksək qida təhlükəsizliyini standartlara uyğun təmin etməkdir.
Otel şəbəkələrində göstərilən xidmətlərin təkmilləşdirilməsi və işçi heyətlərin səriştələrinin artırılmasına yönələn təlimlərin məzmunu qida təhlükəsizliyinin bütün kritik aspektlərini əhatə edib. Belə ki, qida məhsullarının hazırlanmasından paylanmasına qədər olan prosesdə faydalı təcrübələr, qidalanmanın idarə edilməsində gigiyena qaydaları, xidmət sahəsində çalışan əməkdaşların şəxsi məsuliyyətinin vacibliyi və bir sıra digər mühüm mövzular proqramda öz əksini tapıb. İştirakçılar, həmçinin səmərəli preventiv və nəzarət tədbirləri, qidaların təhlükəsiz saxlanma qaydaları və digər bu kimi ətraflı təlimatlardan yararlana bilirlər.
Qeyd edək ki, təlim proqramı paytaxtın bir sıra digər otellərini də əhatə etməklə oktyabr ayının sonunadək davam edəcək.