Azərbaycan təmiz enerji ölkəsinə çevrilir

post-img

Ötən ilin sonlarında Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28-də fəal iştirak edən SOCAR-ın ortamüddətli və uzunmüddətli perspektivdə dekarbonizasiya hədəfləri elan edilib. Bu sırada 2030-cu ilə qədər bütün əməliyyat sahələrində rutin məşəldə yandırılmanın sıfıra endirilməsi, 2022-ci ilin göstəricisi ilə müqayisədə 2030-cu ilə qədər SOCAR-ın birbaşa aktivləri üzrə “upstream” seqmentində emissiya intensivliyinin 30 faiz azaldılması, həmin ilin göstəricisi ilə müqayisədə birbaşa aktivlər üzrə 2035-ci ilə qədər korporativ emissiya intensivliyinin 30 faiz və ümumi emissiyaların həcminin 20 faiz azaldılması yer alıb.

Göründüyü kimi, SOCAR-ın strategi­yasının mərkəzində 2050-ci ilə qədər “sı­fır emissiya”ya nail olmaq kimi iddialı bir hədəf durur. Bu, istixana qazı emissiyala­rının əsaslı şəkildə azaldılması, bərpaolu­nan enerji mənbələrinə investisiya qoyul­ması və innovativ texnologiyaların tətbiqi deməkdir. Şirkət vurğulanan hədəflərə çatmaq üçün tədbirlərin müəyyənləşdiril­məsi, aşağı karbonlu layihələrin inkişaf etdirilməsi, habelə neft-qaz əməliyyatları prosesində dekarbonizasiyanın təmin edil­məsi üçün dünyanın nüfuzlu və bu sahə­də zəngin təcrübəyə malik qurumları ilə əməkdaşlığa xüsusi önəm verir. 

Hazırda “Boston Consulting Group” (BCG) məsləhətçi şirkəti ilə qurulan əməkdaşlıq çərçivəsində iki illik “SOCAR C&S LightHouse” layihəsinə start verilib. Layihə çərçivəsində güclü istixana qazı emissiyalarını daha dəqiq izləməyə və azaltmağa imkan verəcək süni intellektə əsaslanan metan idarəetmə platformasının yaradılması nəzərdə tutulub. 

SOCAR ilə BCG məsləhətçi şirkəti tərəfindən icra edilən adıçəkilən layihənin icrası başa çatandan sonra metan emissiya­larının mövcud vəziyyətini qiymətləndir­mək, mənbələrini xəritələşdirmək, rəqəm­sal monitorinq alətini yaratmaq və yeni emissiya hesabat prosedurlarını qurmaq mümkün olacaq. Bu platforma gələcəkdə metan emissiyaları ilə əlaqədar hesabat hazırlanmasına və emissiyaların monito­rinqi sisteminin beynəlxalq tələblərə uy­ğunlaşdırılmasına mühüm töhfə verəcək.

Yeri gəlmişkən, SOCAR emissiyaların azaldılmasına dair hesabatlıq sisteminin beynəlxalq standartların tələblərinə uy­ğunlaşdırılmasını və şəffaflığın artırılma­sını əsas məqsədlərdən biri kimi qarşıya qoyub. Ətraf mühitin qorunmasına sa­diqlik nümayiş etdirən SOCAR 2023-cü ildə təşkil olunan COP28-də irəli sürülən “Neft və Qazın Dekarbonizasiyası Xar­tiyası”nın (“Oil & Gas Decarbonization Charter” – “OGDC“) həmtəsisçilərindən olmaqla, Xartiyanın Rəhbər Komitəsində təmsil olunan 12 şirkətdən biridir. Bunun­la da şirkət adıçəkilən Xartiyanın idarə edilməsində birbaşa iştirak edir. “OGDC” Xartiyasının əsas hədəfi üzv təşkilatların neft-qaz əməliyyatlarında dekarbonizasiya fəaliyyətlərini dəstəkləməklə “xalis sıfıra” nail olmaqdır. Dünya üzrə neft hasilatının 40 faizini həyata keçirən 50-dən çox bey­nəlxalq şirkət “OGDC” Xartiyasının üzvü­dür.

Neft-qaz əməliyyatlarında formalaşan metan emissiyalarının dəqiq inventarlaş­dırılması dekarbonizasiya baxımından mü­hüm önəm daşıyır. Bu məqsədlə SOCAR “Neft-Qaz İqlim Təşəbbüsü” (“OGCI”) ilə peyk əsaslı emissiya ölçülməsi layihəsini də icra etmək niyyətindədir. Layihə çərçi­vəsində SOCAR-ın quruda yerləşən 5 neft-qaz əməliyyatı reallaşdırılan sahəsində “GHGSAT” şirkətinin peyk vasitələrindən istifadə etməklə metan emissiyalarına dair ölçmələr aparılacaq. Bu layihə qabaqcıl texnologiyaların tətbiqi ilə emissiyaların daha dəqiq ölçülməsinə müsbət töhfə verə­cək.

SOCAR bundan savayı, BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə əmək­daşlıq çərçivəsində dronlardan istifadə etməklə emissiya ölçmələri layihəsinin ic­rasını planlaşdırır. Qurum, eyni zamanda, emissiyalar üzrə beynəlxalq hesabat stan­dartlarının hazırlanmasında və bu sahədə şəffaflığın artırılmasında da fəal iştirak edir. Bu, şirkətə dekarbonizasiya sahəsində öz tərəqqisini nümayiş etdirməklə yanaşı, bazar iştirakçıları üçün nümunə olmaq im­kanı yaradır. 

Emissiyaların azaldılması ilə yana­şı, SOCAR, eyni zamanda, bərpaolunan enerji mənbələrinin inkişafına da sərmayə yatırır. Belə ki, BƏƏ-nin “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində günəş və külək enerjisi, eləcə də “yaşıl” hidrogen isteh­salı üzrə bir sıra layihələr həyata keçirir. Bu layihələr SOCAR-ın enerji portfelini şaxələndirməklə bərabər, həm də ölkədə istixana qazı emissiyalarının azaldılmasına töhfə verir. 

Müasir texnoloji imkanlardan istifa­də etməklə metan emissiyalarının daha dəqiq inventarlaşdırılması Azərbaycanın sözügedən lider şirkətinin ətraf mühitin mühafizəsi sahəsində əsas istiqamət­lərindən biridir. Bu məqsədlə SOCAR “TotalEnergies” şirkəti ilə birgə neft-qaz mədən ərazilərində dron əsaslı metan emissiyalarının aşkarlanması və həcminin ölçülməsi tədqiqatlarını həyata keçirir. Layihə çərçivəsində “TotalEnergies” və onun tərəfdaşları tərəfindən hazırlanan “AUSEA” (“Airborne Ultralight Spectro­meter for Environmental”) texnologiya­sından istifadə edilir.

Qeyd edək ki, “AUSEA” – metan emissiyalarını aşkarlayan, eyni zaman­da, onların mənbəyini müəyyənləşdirən dronda quraşdırılmış sensordan ibarət­dir. Bu isə neft-qaz obyektlərindən atılan metan emissiyalarının yüksək dəqiqliklə aşkarlanmasına və həcminin ölçülməsinə imkan verir. Bu sahədə ilkin tədqiqat­lar “TotalEnergies”in Xəzər dənizindəki fəaliyyət sahələrində aparılıb. Növbəti mərhələlərdə belə tədqiqatların SOCAR-ın dənizdə yerləşən fəaliyyət sahələrində apa­rılması nəzərdə tutulub. 

Hazırda SOCAR bp şirkəti ilə birgə Metan Rəhbər Prinsipləri (“Methane Gu­iding Principles” – “MGP”) çərçivəsində Qlobal Metanın Azaldılmasının İnkişafı (“Advancing Global Methane Reduction” – “AGMR”) təşəbbüsünü icra edir. Təşəb­büsün əsas məqsədi bp və SOCAR tərə­findən Azərbaycanda fəaliyyət göstərən neft-qaz operatorları üçün metan emissiya­larının ölçülməsi, hesabatlığı, azaldılması fəaliyyətlərinin təşviqi, bu sahədə bilik və bacarıqların təkmilləşdirilməsi, habelə mövcud ən yaxşı texnologiyaların tətbiqini dəstəkləməkdir.

SOCAR havaya atılan emissiyaların azaldılması məqsədilə “Neft Daşları”nda “karbon krediti” mexanizmi əsasında sız­maların müəyyənləşdirilməsi və aradan qaldırılmasını hədəfləyən “Leak Detection and Repair” (“LDAR”) layihəsini də ger­çəkləşdirir. Layihə fəaliyyətinə sızmaların müəyyənləşdirilməsi, həcminin ölçülməsi, sızma mənbələrinin ləğv edilməsi və azal­dılmış emissiya həcmlərinin sertifikatlaş­dırılması daxildir. 

Xatırladaq ki, infraqırmızı kamera kimi ən müasir ölçmə avadanlıqlarının tət­biqi ilə layihə ərazisində ölçmələr aparılıb və 171 sızma mənbəyi müəyyənləşdirilib. Bu sahədə ixtisaslaşmış beynəlxalq valida­siya şirkətinin audit yoxlamasının nəticələ­rindən sonra sızma mənbələrinin təmirinə başlanılıb. Layihə nəticəsində azaldılacaq emissiya həcmlərinin sertifikatlaşdırılaraq Avropa bazarında satılacağı nəzərdə tutu­lub. 

Emissiyaların azaldılması ilə “xalis sı­fır” hədəfinə nail olmağın əsas yollarından biri də bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsidir. Bu fəaliyyət çərçivə­sində SOCAR və “Masdar” şirkəti arasın­da imzalanan saziş üzrə müvafiq işlər hə­yata keçirilməkdədir. Qeyd olunan sazişlər quruda 2 QVt gücündə günəş və külək, elə­cə də dənizdə 2 QVt gücündə külək ener­jisi, habelə “yaşıl” hidrogen layihələrinin icrasını əhatə edir. Beləliklə, SOCAR-ın “yaşıl” enerji şirkətinə çevrilməsi təkcə dəyişən bazar şərtlərinə cavab deyil, həm də şirkətin gələcək nəsillər qarşısında mə­suliyyətinin ifadəsidir.

Ekologiya