Energetika nazirinin müavini, COP29 üzrə baş icraçı direktor Elnur Soltanov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanın COP29-a evsahibliyi etməsi ölkəmizin “yaşıl enerji” sahəsində həyata keçirdiyi layihələrə verilən mükafat, respublikamızın bu sahədəki fəaliyyətini bütün dünyaya göstərmək üçün bir fürsətdir.
Elnur Soltanov daha sonra qeyd edib ki, bərpaolunan enerji potensialı baxımından çox zəngin olan Azərbaycan neft və qaz sahələrində region, eləcə də dünya üçün təhlükəsizlik, habelə iqtisadi mənada dəyər mənbəyinə çevrilib. Neft və qaz dəhlizlərini yaradan və bununla beynəlxalq aləmə uğur nümayiş etdirən respublikamız “yaşıl enerji”nin reallaşmasında da dünyada lider mövqedə olan ölkələr sırasında yer alıb.
Energetika nazirinin müavini sonda vurğulayıb ki, COP29 çərçivəsində gündəlikdə duran əsas istiqamətlərdən biri “yaşıl enerji” dəhlizi məsələsidir. COP hər zaman iqlim danışıqları prosesidir və bu proses hazırda da uğurla həyata keçirilir.
Respublikamızda reallaşdırılan sosial-iqtisadi inkişaf strategiyası ekoloji problemlərin operativ həllinə, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaradır. Bunun nəticəsidir ki, hazırda ölkəmizdə “yaşıl enerji” növləri uğurla gerçəkləşdirilir və “yaşıl enerji”nin dünya bazarlarına nəqli enerji siyasətinin yeni prioritet istiqaməti kimi diqqətdə saxlanılır.
Təmiz ekoloji mühitin gerçəkləşdirilməsi məqsədilə mövcud təbii resursların dayanıqlı və səmərəli istifadəsi, tullantıların idarə edilməsi ilə bağlı infrastrukturun yaradılması istiqamətində də davamlı layihələr gerçəkləşdirilir. Azərbaycanın 2050-ci ilə qədər istixana effekti yaradan qazların emissiyası həcminin 40 faizə qədər azaldılmasının, habelə düşməndən təmizlənən ərazilərimizdə “təmiz 0” emissiya zonasının yaradılmasının şərti hədəf kimi götürülməsi də bunun bariz ifadəsidir.
Son illər ölkəmizdə sözügedən sahədə bir sıra mühüm layihələr reallaşdırılıb. Məsələn, MDB-də ən böyük və Xəzər dənizi regionunda ilk sənaye miqyaslı günəş elektrik stansiyası – 230 MVt-lıq Qaradağ Günəş Elektrik Stansiyası (GES) istismara verilib. Eyni zamanda, həmin stansiyanın açılışı zamanı digər yeni layihələrin də əsası qoyulub: “Masdar” şirkəti ilə Neftçalanın Bankə qəsəbəsində 315 MVt-lıq, Biləsuvarda isə 445 MVt-lıq GES və Abşeron-Qaradağ rayonları ərazisində 240 MVt-lıq külək elektrik stansiyasının (KES) tikintisi ilə bağlı, ümumilikdə, 1 qiqavat bərpaolunan enerji mənbəyinin istismara buraxılmasını özündə ehtiva edən 3 yeni layihə imzalanıb. Bərpaolunan enerjinin payı isə hazırda 17 faizə yüksəlib.
Respublikada “yaşıl enerji”nin reallaşdırılması ilə bağlı qısa müddətdə normativ hüquqi bazanın formalaşdırılması ilə bağlı da xeyli iş görülüb. “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” qanundan irəli gələn 4 alt qanunvericilik aktı təsdiqlənib. “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası” əsasında bağlanan müqavilələr və keçiriləcək hərraclarla bağlı hüquqi çərçivə müəyyənləşdirilib. Bununla da investorların səmərəli fəaliyyətinə əlverişli zəmin yaradılıb. Eyni zamanda, fəal istehlakçıların dəstəklənməsi və “yaşıl sertifikatlar”la bağlı qaydalar təsdiqlənib. Bütün bunlarla bərabər, bərpaolunan enerji mənbələri üzrə informasiya sistemi formalaşdırılaraq artıq istifadəyə verilib.
Hazırda ölkəmizdə “yaşıl enerji”dən istifadənin genişləndirilməsi məqsədilə Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq layihələri, o cümlədən dənizdə külək enerjisi üzrə Yol Xəritəsi, elektrik enerjisi şəbəkəsinin gücləndirilməsi və bərpaolunan enerji ixracı planları, “yaşıl enerji”nin Xəzərdən Avropaya və Naxçıvandan Türkiyəyə ixracı, enerji keçidi, enerji effektivliyi, “yaşıl hidrogen”, elektromobillik və digər məsələlər haqqında danışıqlar aparılır. Ümumiyyətlə, “yaşıl” inkişaf və qlobal iqlim hədəflərinə uyğun olaraq layihələrin vaxt itirmədən və səmərəli şəkildə həyata keçirilməsi məsələsi daim diqqətdə saxlanılır.
Son vaxtlar respublikamızda “yaşıl enerji”nin ixrac potensialının gücləndirilməsi ilə bağlı da ciddi layihələr icra edilib. Məsələn, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanan dördtərəfli müqavilənin gerçəkləşdirilməsi ilə əlaqədar genişmiqyaslı işlər görülüb, keçirilən tenderin nəticəsində artıq qalib şirkətlə müqavilə imzalanıb. Bu müqavilədə Azərbaycan və Rumıniya arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi nəzərdə tutulub. Sənədə əsasən, Xəzər dənizi üzərində və ətrafında yaradılacaq bərpaolunan enerji mənbələrində istehsal olunan “yaşıl enerji”nin Azərbaycandan Gürcüstana, oradan kabel xətti ilə Qara dənizin altından keçməklə Rumıniya və Macarıstana, daha sonra isə Avropa Birliyi ölkələrinə ötürülməsi, bununla da “Xəzər – Avropa Birliyi Yaşıl Enerji Dəhlizi”nin yaradılması tərəflər arasında əsas prioritet olaraq qəbul edilib.
XQ