Mətbuat katibi: Yenilənən hava məlumatlarının ciddi şəkildə izlənilməsini tövsiyə edirik

post-img

Sinoptiklər tərəfindən əvvəlcədən verilən xəbərdarlıqlara görə bu gün və sabah ölkənin bir sıra ərazilərində leysan yağışlar yağacaq, bəzi çaylardan sel keçəcək.

Bu barədə AZƏRTAC-a məlumat verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib ki, sel-daşqın hadisələrinin olması ehtimalı barədə hidrometeoroloqlar tərəfindən verilən xəbərdarlıqlar diqqətə alınmalı, daşqın yarana biləcəyinə görə, çay vadilərində və ona yaxın yerlərdə dayanmağın təhlükəsi nəzərə alınmalıdır: “Əfsus ki, insanlar bəzən sel hadisəsinin yaradacağı fəsadların fərqinə varmır, təhlükənin ciddiliyini nəzərə almır, ərazini tərk etmirlər. Axının hər an istiqamətini dəyişə biləcəyi və fəsadlar törədəcəyi daim diqqətimizdə olmalıdır”.

Nazirlik sözçüsü bir daha xatırlatma edərək bildirib ki, hava ilə bağlı verilən xəbərdarlıqlara biganə münasibət göstərilməməli, əksinə, bu, həmin gün üçün fəaliyyətimizin əsas faktoru olmalıdır: "Verilən hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür və bu mümkün təhlükələrdən əvvəlcədən xəbər tutmağa, özümüzü və yaxınlarımızı qorumağa imkan yaradır. Ardıcıl olaraq vətəndaşlarımızın hava durumu barədə məlumatlandırılması, xəbərdarlıqların verilməsinin də məqsədi budur. Odur ki, mütəmadi olaraq yenilənən hava məlumatlarının ciddi şəkildə izlənilməsini tövsiyə edirik".

İ.İbrahimova bildirib ki, hava şəraiti ilə əlaqədar sinoptiklər tərəfindən ictimaiyyətə mütəmadi yenilənmiş məlumatlar təqdim olunacaq.

 

Ekologiya