Azərbaycanın qlobal təşəbbüsü: İqlim Maliyyəsi Fondu

post-img

COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29 Azərbaycan Sədrliyinin mətbuat konfransında  İqlim Maliyyəsi Fondunun (Climate Finance Action Fund) yaradılmasının Azərbaycanın təşəbbüslərindən biri olduğunu bildirib. Y.Rəfiyev   yeni maliyyə mexanizminin yaradılmasında əsas məqsədin iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək olduğunu vurğulayıb.  COP29-un baş danışıqçısı bunun üçün qrant əsaslı 1 milyard dollar vəsait toplanılmasının  zəruriliyini xatırladıb.  

Y.Rəfiyev vurğulayıb ki, İqlim Maliyyəsi Fondu Azərbaycan fondu olmayacaq, çoxtərəfli bir maliyyə qurumu kimi fəaliyyət göstərəcək. Fondun işində  tərəfdar dövlətlər də iştirak edəcək və rəhbərlər bu sahəyə töhfə verən dövlətlərdən seçiləcək. Çoxtərəfli maliyyə təşkilatları onun fəaliyyətinə nəzarət edəcək. Bakı sadəcə bu fondun katibliyinə evsahibliyi edəcək.  

COP29-un baş danışıqçısı onu da diqqətə çatdırıb ki, qrant əsaslı töhfələri lazım bilmələrinin səbəbi kiçik ada dövlətləridir: “Kiçik ada dövlətlərinin şikayətlərindən biri o idi ki, təbii fəlakət baş verəndə onlar beynəlxalq təşkilatlara müraciət etsələr də bu, nəticəsiz qalır. Ona görə də Azərbaycan alternativ maliyyə qurumunun yaradılması təşəbbüsünü irəli sürdü və bu, müsbət dəyərləndirildi.

Y.Rəfiyevin sözlərinə görə, ayrılacaq vəsaitin 50 faizi iqlim fəaliyyətinə, “yaşıl enerji” texnologiyalarına yönəldiləcək. İnvestisiyalardan gələn gəlirlərin 20 faizi isə “2R2F” adlandırılan maliyyə mexanizmi vasitəsilə inkişaf etməkdə olan ölkələrə istiqamətləndiriləcək. İqlim Maliyyəsi Fondu kiçik və orta bərpaolunan enerji istehsalçılarına da dəstək göstərəcək.

“Biz hamımız o fikirdəyik ki, indi hərəkətə keçməliyik. İqlim üzrə maliyyənin hazırkı miqyası kifayət qədər deyil. 1,5 C-yə gedən yol Bakıdan keçir. Bu, asan həll yolu deyil. Biz inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, qlobal Cənub və qlobal Şimal arasında, ada və qitə ölkələri arasında inam yaratmalıyıq. COP29-u hər kəsin səsinin eşidildiyini hiss edəcəyi əhatəli mühit olmasını təmin etməyəkdə qərarlıyıq”, – deyə Y.Rəfiyev bildirib.

Yeri gəlmişkən, Prezident İlham Əliyev iyulun 13-də ATƏT-in baş katibi xanım Helqa Mariya Şmidini qəbul edərkən də bu barədə fikirlərini diqqətə çatdırıb. Dövlətimizin başçısı ölkəmizin “yaşıl keçid” siyasəti və bu istiqamətdə görülən tədbirlərdən danışaraq inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Azərbaycanın gündəliyində prioritet istiqamətlərdən biri olduğunu deyib və “Common ealth” təşkilatı ilə birlikdə kiçik ada dövlətləri ilə əlaqədar xüsusi fondun yaradılması istiqamətində iş aparıldığını bildirib.

COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də ayrı-ayrı çıxışlarında iqlimlə bağlı bütün səylərin dəstəklənməsində maliyyənin mühüm rol oynadığını vurğulayıb. O, bu sahədə irəliləyişlərin əldə olduğunu qeyd edərək, eyni zamanda, qlobal maliyyə institutlarına məqsəd və fəaliyyətlərində daha da irəliləmək barədə çağırışlarını bildirib.  

“Qlobal maliyyə institutları bizim yaşamaq üçün əlverişli planet və yoxsulluqdan azad bir dünya yaratmaq niyyətimizlə bağlı artıq müsbət mesajlar veriblər və onlar iqlimlə bağlı öhdəliklərini konkret fəaliyyətlərlə gücləndirirlər”, – deyə COP29-un prezidenti xatırladıb. Onun sözlərinə görə, iqlim maliyyəsini daha geniş miqyasda əlçatan etmək üçün bu qurumlar genişmiqyaslı tədbirlər görməlidirlər: “Biz fəaliyyətlərimizi ən mümkün yüksək məqsədlər səviyyəsində aktivləşdirməliyik. Biz dünən həyata keçirilməsi mümkün olmayanları bu gün gerçəkləşdirməliyik. Tərəfləri bir araya gətirmək, keçmiş vədlərin yerinə yetirilməsinə əmin olmaq və geridə heç nə qoymamaq üçün əlimizdən gələni etməkdən usanmamalıyıq.

COP29-un baş danışıqçısı Yalçın Rəfiyev qeyd edib ki, İqlim Maliyyəsi Fondu 1 milyard ABŞ dolları həcmində kapitallaşdırmaq məqsədi daşıyan ilkin fandreyzinq mərhələsi başa çatdıqdan və 10 iştirakçı ölkə səhmdar kimi öhdəlik götürdükdən sonra fəaliyyətə başlayacaq.

Fond istiləşməni 1,5C-yə qədər saxlamaq üçün gələcək nəsil milli səviyyədə müəyyənləşdirilən töhfələrin tələblərinə cavab verməklə dəstəyə ehtiyacı duyulan inkişaf etməkdə olan ölkələrdə iqlim layihələrini hədəf alacaq.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək.

Yeri gəlmişkən, inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyinin yaratdığı fəsadlara qarşı daha çox həssaslıq nəzərə çarpır. Bu məqsədlə 2009-cu ildə Danimarkada reallaşan COP15-də inkişaf etmiş ölkələr 2020-ci ilə qədər inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişmələri ilə bağlı problemlərin həlli məqsədilə hər il 100 milyard dollar məbləğində vəsait səfərbər etməyi öhdələrinə götürmüşdülər. Hazırda isə qlobal olaraq, təxminən, 73 ictimai və ya qismən ictimai iqlim fondu mövcuddur. Bu gün onların fəaliyyəti e- ektivşəkildə əlaqələndirilmir. Çərçivə Konvensiyasının çətiri altında olan vəsaitlər kifayət qədər kapitallaşdırılmayıb. Bu fondların 2020-ci ildə müxtəlif layihə və proqramlara, ümumilikdə, 3-4 milyard dollar ödədiyi bildirilib.  

Qeyd edək ki, Azərbaycanın COP29da sədrliyi ən mühüm mövzuya – iqlimin maliyyələşdirilməsinə həsr olunub. İtki və Zərərlərin dənilməsi Beynəlxalq Fondu tərəfindən sənaye güclərinin inkişaf etməkdə olan ölkələrə yardım göstərməsinə imkan yaratmaq üçün kompensasiya mexanizmi təqdim edilib. Bununla belə, adıçəkilən fond indiyədək cəmi 429 milyon ABŞ dolları toplayıb ki, bu da həmin ölkələrə dəymiş zərərdən xeyli az olub. Buna görə də ekspertlər tərəfindən Bakıda keçiriləcək COP29-a iqlim maliyyəsinin ədalətli bölüşdürülməsi platforması kimi yanaşılıb.

Dünya İqtisadi Forumunun məlumatına görə, 2023-cü ildən etibarən dünyada bərpaolunan enerji potensialının artımı müşahidə olunur. Bu hesabata əsasən, 2024-cü ildə 473 Vt bərpaolunan enerji gücü əlavə edilib ki, bu da ötən illə müqayisədə 36 faiz çoxdur, lakin iqlim məqsədlərinə çatmaq üçün kifayət deyil.

Bərpaolunan enerjiyə ümumi qlobal sərmayə 2023-cü ildə 8,1 faiz artaraq 623 milyard dollara çatıb. İqlimlə bağlı arzuedilən məqsədlərə nail olmaq üçün isə hər il, təxminən, 1,3 trilyon dollar tələb olunur.

Ötən il BƏƏ-də keçirilən COP28 konfransında inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını və prioritetlərini nəzərə alaraq, iqlimin maliyyələşdirilməsi üçün müzakirələr davam etdirildi. Bu il isə COP29 çərçivəsində isə 2030-cu ilə qədər bərpaolunan qlobal enerji potensialının üç dəfə, enerji səmərəliliyinin ikiqat artırılması və mədən yanacaqlarından “yaşıl iqtisadiyyat”a keçidin sürətləndirilməsi üzrə öhdəliklər müzakirə ediləcək.

Azərbaycan qlobal istiləşməni 1,5C ilə məhdudlaşdırmaq yolları ilə bağlı beynəlxalq konsensus yaratmağa davam edəcək. COP29-da tərəflərin iqlim maliyyəsi üçün yeni kollektiv kəmiyyət məqsədi (NCQ ) üzrə razılığa gəlmələri, həmçinin 6-cı maddə və ədalətli keçid gündəliyi çərçivəsində işlərini davam etdirmələri gözlənilir.

Nəhayət, Azərbaycan COP29 konfransına evsahibliyi etməyə hazırlaşarkən bərpaolunan enerji mənbələrinin payını artırmağı, eləcə də bu sahəyə özəl investisiyalar vasitəsilə “yaşıl enerji” potensialını açmağı öhdəsinə götürüb. tən ay Səudiyyə Ərəbistanı və Azərbaycan davamlı və dayanıqlı qlobal enerji keçidi istiqamətində enerji sektorunda ikitərəfli əlaqələrin gücləndirilməsinə sadiq olduqlarını bir daha təsdiq ediblər.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyənləşdirilib və bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığa dair imzalanan sənədlərdə də ətraf mühit və iqlim məsələlərinə xüsusi yer verilib.

XQ

 

Ekologiya