Bu ilin birinci yarısında Azərbaycanda 13 milyon 557,4 kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, hesabat dövründə külək elektrik stansiyalarında 29,7 milyon kilovat-saat, günəş elektrik stansiyalarında isə 286,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Beləliklə, “yaşıl enerji” mənbələri üzrə elektrik istehsalı ötən ilin müvafiq dövrünə (1 milyon 81,7 kilovat-saat) nisbətən iki dəfəyə yaxın artaraq 2 milyon 32,4 milyon kilovat-saata çatıb. Günəş enerjisi istehsalını isə ölkəmiz üçün rekord göstərici hesab etmək olar. Belə ki, yanvar–iyun aylarında günəş enerjisi istehsalının həcmi əvvəlki 32,3 milyon kilovat-saat göstəricini 9 dəfə üstələyib.
Məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında qeyd edib ki, COP29-a evsahibliyi edəcək Azərbaycanda bərpaolunan mənbələrdən enerji istehsalının artırılması regionda “yaşıl enerji” zonasının genişlənməsinə dəstəkdir. Bunu ölkəmizin iqlim dəyişikliyi və ətraf mühitin qorunması, eləcə də yaşıl iqtisadiyyatın güclənməsi ilə bağlı qlobal və regional hədəflərə töhfəsi kimi dəyərləndirən deputat bildirib ki, inkişaf etmiş ölkələrdə icmalar, eləcə də ailələr bərpaolunan enerji mənbələrdən, o cümlədən külək və günəş şüalarından enerji istehsal edərək həm öz istehlaklarını ödəyirlər, həm də artıq hissəni dövlətə satırlar”. “Oxşar praktikanın Azərbaycanda tətbiq olunması elektrik enerjisi istehsalını artırmaqla yanaşı, vətəndaşların daha ucuz enerji almasına gətirib çıxara bilər. Bu, enerji istehsalı və satışına yeni yanaşmanın tətbiqinə imkan yaratmaqla yanaşı, enerji xəclərini azalda bilər. Bunun üçün icma əsaslı inteqrasiya olunmuş infrastrukturun formalaşdırılması da vacibdir, – deyə V. Bayramov paylaşımında qeyd edib.
XQ