Son illər iqlim dəyişikliyi və onunla mübarizə tədbirləri getdikcə daha çox aktuallıq kəsb edir. Bu səbəbdən də mütəxəssislər, ekspertlər, media işçiləri, eləcə də digər şəxslər iqlimlə bağlı keçirilən istənilən tədbiri diqqətlə izləyir, onun nəticələrini saf-çürük etməyə çalışırlar. Bu baxımdan cari ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a maraq olduqca yüksəkdir. Mötəbər iqlim tədbiri ərəfəsində Azərbaycana turist axınının güclənməsi gözlənilir.
Bu amil nəzərə alınaraq dünəndən ölkəmizdə COP29-da iştirak edəcək əcnəbilər üçün xüsusi viza müraciət sistemi işə salınıb. Bu barədə məlumat COP29-un rəsmi internet portalında dərc edilib. Qeyd edilib ki, əcnəbi iştirakçılar Azərbaycana birdəfəlik giriş vizası əldə etmək üçün sözügedən sistemin xidmətlərindən istifadə edə bilərlər. Onlar ölkəmizi tərk etmək və COP29-un davam etdiyi günlərdə yenidən geri qayıtmaq istəyəcəkləri təqdirdə bir daha UNFCCC-nin təqdim etdiyi qeydiyyat nömrəsindən istifadə edərək viza müraciəti prosesini təkrarlamalıdır.
Bildirilib ki, iştirakçıların qeydiyyatı UNFCCC-nin onlayn qeydiyyat sistemi vasitəsilə təsdiqləndikdən sonra onlara e-poçtla UNFCCC qeydiyyatını təsdiqləyən viza üçün müraciət linki göndəriləcək. Portalın məlumatında, həmçinin diqqətə çatdırılıb ki, bu məqsədlə Azərbaycana gələcək əcnəbilərin pasportları aktiv olmalı, etibarlılıq müddəti ölkəmizin ərazisinə daxil olduqları tarixdən azı 6 ay sonrakı dövrü əhatə etməlidir.
Qeyd edək ki, iştirakçılara göndəriləcək xüsusi elektron viza formasında sözügedən sənədin verilmə müddəti qeyd olunacaq. Orada əks edilən məlumatlarda viza sənədinin 30 noyabr 2024-cü ilədək qüvvədə olması göstəriləcək. “COP29 xüsusi vizasında sənədin verilmə tarixi qeyd ediləcək və bu viza 30 noyabr 2024-cü il tarixinədək etibarlı olacaq. Viza sahibləri Azərbaycan Respublikasına bu tarixdən əvvəl daxil olmalıdırlar”, – deyə məlumatda bildirilib.
COP29-un rəsmi internet portalında vizanın əldə olunması üçün müraciət qaydası da açıqlanıb. Bildirilib ki, hər bir iştirakçı link vasitəsilə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədlərin elektron versiyalarını təsdiq məqsədilə portala yükləməlidirlər. Məlumata əsasən, müraciət təsdiq edildikdən sonra COP29 xüsusi vizasının vebsaytdan yüklənilməsi üçün iştirakçılara vizanı təsdiq edən e-poçtla link göndəriləcək. “İştirakçılara UNFCCC-də qeydiyyat təsdiqləndikdən dərhal sonra COP29 xüsusi vizası üçün müraciət etmələri tövsiyə olunur. Vizanın statusunu izləmək üçün UNFCCC qeydiyyatını təsdiq edən e-poçtdakı viza portalı linkindən istifadə edilməlidir”, – deyə sayt bildirib.