6 ayda 104 yeni enerji doldurma məntəqəsi

post-img

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaş­dırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsi”nin I yarım il üzrə icra vəziyyətinə dair növbəti iclası keçirilib. Komissiyadan redaksiyamıza daxil olan məlumata görə, iclas çərçivəsində altqrupa üzv qurumlar tərəfindən I yarım ildə görülən işlərə dair hesabat təqdim edilib, bu sahədə qazanılan uğurlar barədə ətraflı məlumat verilib.

Hesabat xarakterli iclas zamanı avtomobil nəqliyyatı üzrə bu yaxınlarda qəbul edilmiş yeni dövlət standartları təqdim olunub, eləcə də ekoloji təmiz nəqliyyat vasitələrinin idxalı və istifadəsi üzrə müsbət dinamikanın müqayisəli təqdimatı keçirilib.

“Azərişıq” ASC tərəfindən ölkə ərazisində cari ilin ilk yarısında elektromobil istifadəçiləri üçün 104 qoşulma nöqtəsi istismara verilib, xüsusi proqram təmi­natına inteqrasiya edilib.

İclas zamanı, həmçinin ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin əldə edilməsi üçün maliyyə əlçatanlığının artırılması üzrə görülən işlər və ye­niliklər, eləcə də vurğulanan nəqliyyat vasitələrindən istifadə üzrə zəruri inf­rastrukturun yaradılması sahəsində ən son yeniliklər barədə məlumat verilib.

Sonda Yol Xəritəsi üzrə icrası davam edən tədbirlər və qarşıda duran məsələlər müzakirə olunub.

Qeyd edək ki, altqrupa rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi­nin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi həyata keçirir.

Ekologiya