Rekord istilər və ölkələrin qlobal istiləşmə ilə mübarizə üçün iddialı hədəflər təyin edə bilməməsi Paris Sazişinin hədəflərini əlçatmaz edəcək ki, bu da qlobal orta temperaturun 1,5 dərəcə Selsi səviyyəsində böyüməsini ehtiva edir. Reuters yazır ki, Aİ-nin "Kopernik" iqlim xidmətinin ekspertlərinin fikrincə, iqlim böhranı geri dönüşü olmayan nöqtəyə yaxınlaşır.
Mütəxəssislərin fikrincə, iyun ayının əvvəlində səth havasının orta qlobal temperaturu bir neçə gün ərzində sənaye öncəsi səviyyədən 1,5 dərəcə yüksək olub. Bu, əvvəllər də baş vermişdi, lakin bu dəfə kritik nöqtədən yuxarı göstərici ilk dəfə yay aylarında şimal yarımkürəsində qeydə alınıb. Çinin, ABŞ-ın, Meksikanın və digər ölkələrin bir sıra regionlarında istilər tarixi maksimuma çatıb. İyun ayında iqlim normasından yüksək temperatur İspaniya, İran və Vyetnamda da müşahidə olunub.
Okeanlarda da istiləşmə qeydə alınıb - bu, El Nino (Sakit Okeanın ekvator hissəsində suyun səth qatının temperaturunun dəyişməsi iqlimə nəzərəçarpacaq dərəcədə təsir göstərir) və quruda həddindən artıq istilər fonunda baş verib. Qlobal dəniz səthinin orta temperaturu martın sonunda 21 dərəcə Selsiyə çatıb və növbəti iki ay ərzində ilin bu vaxtı üçün rekord səviyyədə qalıb. İqlimşünaslar vurğulayıblar ki, ekstremal hava hadisələrinin miqyası və tezliyi artır - bu il də bütün dünyada şiddətli quraqlıq müşahidə olunub.
"Xalq qəzeti"