Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, Avropa yalnız özünə güvənə biləcəyi həlledici mərhələyə qədəm qoyub. Almaniyanın “Süddeutsche Zeitung” qəzetinə verdiyi müsahibədə Fransa lideri ABŞ-ın ticarət tariflərinin tətbiqinə və Vaşinqtonun Qrenlandiyaya iddialarına diqqət çəkib.
Məlumatı TASS verib.
Makron qeyd edib: “İnsanlar çarəsizdir. Artıq amerikalıların nə qədər irəli getməyə hazır olduqlarını bilmirsiniz. Bu, yalnız Qrenlandiya ilə bağlı deyil. Hazırda öz başımıza buraxılmışıq. Əgər heç nə etməsək, Avropa beş ildən sonra yer üzündən silinəcək”.
Onun fikrincə, Qrenlandiya ətrafındakı vəziyyət Avropaya təhlükə altında olduğunu göstərib.
31 yanvarda ABŞ administrasiyası Qrenlandiyanın gələcək mülkiyyəti ilə bağlı danışıqların başladığını elan edib və həm ABŞ, həm də Avropa üçün yaxşı bir razılaşmaya ümid etdiyini bildirib. Prezident Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a qoşulmasının vacibliyini bildirib. Hətta ilk prezidentlik müddətində belə, o, adanı almağı təklif etmiş və 2025-ci ilin martında onun ilhaq edilə biləcəyinə əminliyini ifadə etmişdi.
Qrenlandiya Danimarkanın muxtar ərazisidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO müttəfiqlik öhdəliklərinə əlavə olaraq bir müqavilə imzalayıblar. Müqaviləyə əsasən, ABŞ adanı mümkün təcavüzdən qorumağı öhdəsinə götürüb.
P.ƏMİRCANOV
XQ

