İŞİD-lə Mübarizə üzrə Beynəlxalq Koalisiya Suriya ilə işləməyə hazırdır

post-img

İŞİD-lə Mübarizə üzrə Beynəlxalq Koalisiyanın siyasi direktorları Səudiyyə Ərəbistanında keçirilən görüşdə Suriya hökuməti ilə işləməyə hazır olduqlarını təsdiqləyiblər.

Məlumatı “Anadolu” verib. 

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi, bu yaxınlarda koalisiyaya qoşulan Suriyanın da iştirakı ilə paytaxt Ər-Riyadda keçirilən Beynəlxalq Koalisiyanın siyasi direktorlarının iclasından sonra birgə bəyanat yayıb. Bəyanatda Suriya hökuməti ilə YPG terror təşkilatı arasında daimi atəşkəs və inteqrasiya barədə əldə edilən razılaşmadan məmnunluq ifadə edilib. Həmçinin, Suriya hökumətinin İŞİD-ə qarşı milli mübarizəyə rəhbərlik etmək öhdəliyi vurğulanıb.

Qeyd olunur ki, saxlanılan İŞİD yaraqlılarının sürətli və təhlükəsiz şəkildə köçürülməsi prioritet olaraq qalır. Sənəddə İŞİD üzvü olan xarici vətəndaşların öz ölkələrinə qaytarılmasının, eləcə də Suriyanın Haseke əyalətindəki Əl-Hol düşərgəsində saxlanılan ailələrin öz doğma icmalarına inteqrasiyasının vacibliyi vurğulanır.

Bəyanatda Suriya və İraqda İŞİD-ə qarşı mübarizənin gələcəyi ilə bağlı Dəməşq və Bağdad hakimiyyəti ilə koordinasiyanın davam etdiriləcəyi vurğulanır: “İŞİD-ə qarşı Beynəlxalq Mübarizə Koalisiyanın üzvləri Suriya hökuməti ilə sıx əməkdaşlıq etməyə hazır olduqlarını təsdiqləyiblər. Bundan əlavə, koalisiya üzvləri bu istiqamətdə Suriya və İraqın səylərinə birbaşa dəstək verməyə çağırıblar”.

P.ƏMİRCANOV
XQ

Dünya