ABŞ Prezidenti Donald Tramp Kubadan qaynaqlanan “milli təhlükəsizlik təhdidi”ni əsas gətirərək ölkədə fövqəladə vəziyyət elan edib. Müvafiq fərman Ağ evin rəsmi saytında dərc olunub.
Sənəddə bildirilir ki, Kuba hakimiyyətinin siyasəti və fəaliyyəti ABŞ-ın maraqlarına zərər vurmağa, eləcə də Birləşmiş Ştatları hədəf alan düşmən ölkələr və terror qruplaşmalarına dəstək göstərməyə yönəlib. Fərmanda vurğulanır ki, elan edilən fövqəladə vəziyyətin aradan qaldırılması məqsədilə tarif mexanizminin tətbiqi “zəruri və məqsədəuyğun” hesab olunur.
Bu hüquqi mexanizm Vaşinqtona Kubaya neft tədarük edən ölkələrin məhsullarına əlavə rüsumlar tətbiq etmək imkanı verir. Bundan əlavə, sənəddə qeyd olunur ki, Prezident Tramp tariflərlə bağlı qərarı yenidən nəzərdən keçirə və ya dəyişə bilər. Bunun üçün Kuba, eləcə də rüsumların təsirinə məruz qalmış digər dövlətlər ABŞ-ın xarici siyasət maraqlarına və milli təhlükəsizlik hədəflərinə uyğun mövqe sərgiləməlidirlər.
Hazırda ABŞ ərazisində 50-dən çox fövqəladə vəziyyət rejimi qüvvədədir. Bu fərmanların əhəmiyyətli hissəsi Kuba, İran, Rusiya, qeyri-qanuni miqrasiya və narkotik qaçaqmalçılığı ilə bağlıdır. Fövqəladə vəziyyət rejimi prezidentə normal şəraitdə həyata keçirilməsi mümkün olmayan geniş səlahiyyətlər verir.
Kuba isə, təbiidir ki, ABŞ-ın tətbiq etdiyi yanacaq tədarükünə qarşı yeni məhdudlaşdırıcı addımları kəskin şəkildə pisləyib. Ölkənin xarici işlər naziri Bruno Rodriges Parrilya bəyan edib ki, Vaşinqton bu siyasətlə Havanaya qarşı “ekstremal həyat şəraiti” formalaşdırmağa çalışır.
Nazir “X” sosial şəbəkəsindəki paylaşımında ABŞ-ın son addımlarını “eskalasiya” adlandıraraq, əslində Kubaya qarşı yanacaq tədarükünün tam blokadasının təklif edildiyini vurğulayıb. Onun sözlərinə görə, Vaşinqtonun digər ölkələri də bu blokadaya qoşulmağa məcbur etməsi açıq şantaj xarakteri daşıyır və Kuba yalan məlumatlar vasitəsilə regional və qlobal təhlükə kimi təqdim edilməyə çalışılır.
Donald Tramp tərəfindən imzalanmış fərman, həqiqətən də, Kubaya neft satan və ya tədarük edən ölkələrdən idxal olunan mallara rüsum tətbiqi imkanını nəzərdə tutur. “Politico”nun öz mənbələrinə istinadən yaydığı məlumata görə, ABŞ administrasiyası hakimiyyət dəyişikliyinə nail olmaq məqsədilə Kubaya neft idxalının tam blokadasını gündəmə gətirə bilər. “The Wall Street Journal” isə yazır ki, Vaşinqton bu ilin sonunadək Kubada hakimiyyətdə olan qüvvələr daxilində siyasi rejimin dəyişdirilməsinə yardım edə biləcək nüfuzlu fiqurlar axtarır.
Bu yanaşma ABŞ-ın Kubaya qarşı sanksiya siyasətinin yalnız iqtisadi deyil, eyni zamanda, açıq siyasi təzyiq və rejim transformasiyası strategiyasının tərkib hissəsi olduğunu göstərir.
ABŞ-ın Kubaya qarşı mövcud siyasəti Karib hövzəsi ölkələri, hətta Çin tərəfindən ciddi narahatlıq və narazılıqla qarşılanıb. Bir qədər əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirmişdi ki, Çin ABŞ-ı blokada və sanksiyalara son qoymağa, o cümlədən Kubaya qarşı bütün məcburiyyət formalarından imtina etməyə çağırır: “Çin bir daha ABŞ-ı blokadaya dərhal son qoymağa, sanksiyaları ləğv etməyə və Kubaya qarşı bütün məcburiyyət formalarını dayandırmağa, regional sülh və sabitliyi təşviq edən tədbirlər görməyə çağırır”.
Paşa ƏMİRCANOV
XQ

