Trampın yaxın çevrəsindəki bəzi insanlar Qrenlandiyanın zorakılıqla ələ keçirilməsini “istisna etmir”, digərləri isə bu variantı rədd edir.
Məlumatı “Euronews” yayıb.
Vaşinqton rəsmiləri çərşənbə axşamı bildiriblər ki, ABŞ hərbi qüvvələrindən istifadə Qrenlandiyanın ilhaq edilməsi üçün “bir seçimdir”.
Ağ Evin mətbuat katibi Kerolin Levitt bildirib ki, “Prezident Tramp Qrenlandiyanın əldə edilməsinin ABŞ-ın milli təhlükəsizlik prioriteti olduğunu və Arktika bölgəsindəki düşmənlərimizin qarşısını almaq üçün vacib olduğunu açıq şəkildə bildirib. Prezident və onun komandası bu vacib xarici siyasət məqsədinə çatmaq üçün müxtəlif variantları müzakirə edir və təbii ki, ABŞ hərbi qüvvələrinin istifadəsi həmişə Baş Komandanın ixtiyarında qalır”.
Lakin bu yaxınlarda Trampın Qrenlandiya üzrə xüsusi nümayəndəsi Ceff Lendri və Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller hərbi gücdən istifadənin vacib olmadığını bildiriblər.
Bundan əvvəl Fransa, Almaniya, İtaliya, Polşa, İspaniya və Birləşmiş Krallıq liderləri də Danimarkanın Baş naziri Mette Frederikseni dəstəkləyərək Arktika adasının “onun xalqına məxsus olduğunu” vurğulayan bəyanat yaymışdılar.
P.ƏMİRCANOV
XQ

