Venesuelanın paytaxtı Karakas və ətraf ştatlar şənbə günü gecə saatlarında ağır hərbi hücuma məruz qalıb. Rəsmi Karakas hadisəni ABŞ-ın "ciddi və ağır hərbi təcavüzü" kimi qiymətləndirərək ölkədə fövqəladə vəziyyət elan edib.
Hadisənin təfərrüatları və media məlumatları Beynəlxalq agentliklər – Reuters, AP və Bloomberg-in məlumatına görə, Karakasda ən azı yeddi güclü partlayış səsi eşidilib və səmada döyüş təyyarələri görünüb. CNN xəbər verir ki, ilk partlayış yerli vaxtla saat 01:50 radələrində qeydə alınıb. Şəhərin cənubunda, böyük bir hərbi bazanın yerləşdiyi ərazi daxil olmaqla, Karakasın bir çox hissəsində elektrik enerjisi kəsilib. Venesuela hökuməti hücumun Karakasla yanaşı, Miranda, Aragua və La Quayra ştatlarını da əhatə etdiyini bildirib.
Prezident Nikolas Maduro hücumla əlaqədar dərhal fövqəladə vəziyyət tətbiq edilməsi və bütün milli müdafiə planlarının aktivləşdirilməsi haqqında fərman imzalayıb. Ölkənin xarici işlər naziri İvan Xil Pinto bildirib ki, Konstitusiyaya və milli təhlükəsizlik qanunlarına uyğun olaraq, Bolivar Milli Silahlı Qüvvələri "xalq-hərbi-polis birliyi" çərçivəsində tam səfərbər edilib. Hökumət, həmçinin BMT Təhlükəsizlik Şurasına və Baş katibə müraciət edərək ABŞ-ın hərəkətlərinin beynəlxalq səviyyədə qınanmasını tələb edəcəyini bəyan edib.
Kolumbiya Prezidenti Qustavo Petro hadisəyə ilk reaksiya verən liderlərdən olub. O, "X" platformasında Karakasın bombardman edildiyini yazaraq, qlobal xəbərdarlıq edib: "Venesuela hücum altındadır. BMT və Amerika Dövlətləri Təşkilatı (ADT) dərhal toplanmalıdır". Petro bu hücumu regional sabitliyə böyük təhdid kimi qiymətləndirib.
Pentaqon və ABŞ Cənub Komandanlığı hələlik rəsmi şərh verməkdən yayınıb və sorğuları Ağ Evə yönləndiriblər. Bununla belə, ABŞ prezidenti Donald Tramp daha əvvəl Venesuelada narkotik kartelləri ilə mübarizə çərçivəsində hərbi əməliyyatların mümkünlüyü barədə dəfələrlə xəbərdarlıq etmişdi. CBS-in məlumatına görə, ABŞ administrasiyası Karakasdakı partlayışlardan xəbərdardır, lakin zərbələrin təbiəti barədə hələlik rəsmi açıqlama verməyib.
Venesuela rəhbərliyi xalqı ölkənin suverenliyini qorumaq üçün səfərbər olmağa çağırıb və suverenliyin təmin edilməsi üçün bütün imkanlardan istifadə olunacağını vurğulayıb.
S.ELAY
XQ

