Koreya Xalq Demokratik Respublikası (KXDR) Ukraynaya qarşı müharibəyə dəstək məqsədi ilə Rusiyaya hərbçilər göndərdiyini ilk dəfə etiraf edib.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, bu barədə KXDR-in rəsmi KCNA agentliyi məlumat yayıb. Agentlik KXDR hərbi qulluqçularının Kursk vilayətinin sərhədyanı rayonlarının azad edilməsində Rusiyaya kömək etdiyini bildirib. KXDR hərbçiləri ölkə lideri Kim Çen Inın göstərişi ilə göndərilib. Agentlik yazır ki, KXDR lideri Rusiya ilə imzalanmış hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişə uyğun olaraq hərbi qulluqçuların göndərilməsinə qərar verib. Rəsmi Pxenyan Rusiyaya hərbi qulluqçu göndərilməsinin BMT və digər beynəlxalq hüquq sənədlərinə tam uyğun olduğunu bəyan edib.
Qeyd edək ki, Rusiya ilə KXDR arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş ötən ilin iyununda imzalanıb. Sənədə əsasən, müharibə şəraitində tərəflər bir-birinə hərbi yardım etmək öhdəliyi götürüb. Aprelin 26-da Rusiya tərəfi də ilk dəfə olaraq KXDR hərbi qulluqçularının Kursk vilayətinin sərhədyanı rayonlarının azad edilməsində iştirakını rəsmən təsdiqləyib. Rusiya Prezidenti Vladimir Putinin qarşısında məruzə ilə çıxış edən Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş çərçivəsində fəaliyyət göstərən KXDR hərbçiləri region ərazisinə daxil olmağa cəhd edən Ukrayna Silahlı Qüvvələri qrupunun məhv edilməsində önəmli rol oynayıblar. O qeyd edib ki, koreyalı əsgər və zabitlər “Rusiya hərbçiləri ilə çiyin-çiyinə döyüş tapşırıqlarını yerinə yetirərək yüksək peşəkarlıq, mətanət, mərdlik və qəhrəmanlıq nümayiş etdiriblər”.
Cənubi Koreya mediası KXDR-in ötən ilin oktyabrından bəri Rusiyaya təxminən 10 min nəfərlik hərbi kontingent göndərdiyini iddia edir. Hərbi əməliyyatlar zamanı bir neçə koreyalı hərbçi Ukrayna tərəfindən əsir götürülsə də, Pxenyan məsələyə dair açıqlama verməyib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin