Dünən Londonda ABŞ-ın təşəbbüsü ilə Rusiya və Ukrayna arasında sülh danışıqları baş tutmalı idi. Xatırladaq ki, müzakirələrin birinci raundu ötən həftə Parisdə keçirilmişdi. Bu dəfə gözlər artıq Londona dikilimişdi və müəyyən ümidlər yaranmışdı.
Lakin aprelin 23-ü səhər saatlarında məlum oldu ki, Böyük Britaniya, Fransa, Almaniya və Ukraynanın xarici işlər nazirləri Londona gəlməyəcəklər. “Sky News” telekanalının məlumatına görə, buna səbəb o olub ki, həmin ərəfədə ABŞ-ın dövlət katibi Marko Rubio və Trampın xüsusi elçisi Stiven Uitkoff Böyük Britaniyaya səfərlərini ləğv etməli olublar.
London danışıqları nəyə görə təxirə salındı? Nüfuzlu “Daily Telegraph” qəzeti dünən yazıb ki, ABŞ hökuməti London görüşü ərəfəsində 7 bənddən ibarət “Sülh planı” hazırlayıb. Sənədə əsasən, rəsmi Kiyev Britaniya paytaxtında Krımın Rusiyaya ilhaq edilməsinə razılıq verməli idi. Bundan başqa, Ukrayna NATO-ya daxil olmaqdan imtina etməyi də bir öhdəlik olaraq boynuna götürməli idi. Vaşintqton, eyni zamanda, Moskvaya qarşı sanksiyaları ləğv edəcəyini vəd verirdi.
Bu şərtlər Rusiyaya sərf etsə də, Ukraynanı heç cür qane etmirdi. Ukraynanın dövlət başçısı ona göstərilən güclü təzyiqlər qarşısında geri çəkilməyib. Belə ki, Prezident Volodimir Zelenski iki gün əvvəl Kiyevdə keçirdiyi brifinqdə birmənalı şəkildə bəyan edib ki, Krım Ukrayna torpağıdır və onun ölkəsinin ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz.
Ukrayna Prezidenti deyib: “Bizim komandaya gəlincə, sabah (dünən-müəllif) onun əlində olan mandat var - bu, qeyd-şərtsiz atəşkəs və ya qismən atəşkəslə bağlı müzakirədir. Biz bu mərhələyə hazırıq”. Zelenskinin sözlərinə görə, atəşkəsdən sonra da Ukrayna Rusiya ilə sülh ilə bağlı müzakirələri davam etdirməyə hazırdır: “Biz atəşkəsdən sonra istənilən formatda danışıqlar masasına oturmağa hazırıq ki, proses dalana dirənməsin”.
Məlumat üçün bildirək ki, Ukraynanın Londona yola düşəcək nümayəndə heyətinə Prezident Ofisinin rəhbəri Andrey Yermak, onun müavini Pavlo Palisa, Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sıbiqa və müdafiə naziri Rüstem Umerov daxil idilər.
Beləliklə, Ağ evin yeni rəhbəri D.Trampın Ukraynada sülhə nail olmaq cəhdləri hələlik heç bir real nəticə vermir. Bu ayın sonunda onun ikinci dəfə prezident kimi fəaliyyətə başlamasından 100 gün keçəcək. Bir çoxları ümid edirdilər ki, ABŞ lideri həmin vaxta qədər Rusiyanı cəbhədə döyüşləri dayandırmağa razı sala biləcək.
Göründüyü kimi, Moskva qeyd-şərtsiz atəşkəsə razı olmur və əlavə tələblər irəli sürür. Üstəlik, Rusiya aviasiyası Ukraynanın şəhər və kəndlərini bombalamaqda davam edir. Dünən Dnepropetrovsk viyayətinin Maraqnests şəhərində sərnişin avtobusu PUA zərbəsinə tuş gəlib. Bu zaman 9 nəfər həyatını itirib, azı 30 nəfər yaralanıb. Rusiya hərbçiləri dünən gecə Ukraynanın Odessa və Xarkov kimi böyük şəhərlərini də ağır aviazərbələrə məruz qoyublar. Bundan başqa, Poltava da aviasiyanın hədəfində olub.
Ukrayna tərəfi də Rusiyanın bir çox sərhəd şəhərlərinə çox sayda dron zərbələri endirib. Lakin rəsmi Moskva dağıntı və itkilər barədə məlumat verməyib. Dünən cəbhənin bir çox istiqamətlərində ağır döyüşlər gedib. Rusiya hərbçilərinin müəyyən üstünlüyə nail olduğu bildirilir.
Bu arada məlum olub ki, NATO-nun baş katibi Mark Rutte aprelin 24–25-də ABŞ-yə səfər edəcək. Bu barədə NATO-nun Brüsseldəki mənzil-qərargahının mətbuat xidməti məlumat yayıb. Maraqlıdır ki, alyans şefinin Vaşinqtonda Prezident Trampla görüşü planlaşdırılmayıb. “Mark Rutte ABŞ dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və milli təhlükəsizlik müşaviri Mayk Uolts ilə görüşəcək", – məlumatda bildirilib.
Rəsmi Kiyevi indi ən çox narahat edən odur ki. London görüşünün təxirə salınması Vaşinqtonu əsəbiləşdirə bilər və Ağ ev tamamilə Ukraynanı özünün hərbi və maliyyə dəstəyindən məhrum edə bilər. Hər halda, Ukrayna nəyin bahasına olursa-olsun, özündən qat-qat böyük resurslara malik olan rəqibinə qarşı mücadiləni davam etdirmək əzmindədir.
Məsaim ABDULLAYEV
XQ