Fransada prezident seçkiləri ilə bağlı sorğuya görə ifrat sağçıların şansı daha çoxdur

post-img

“Elabe” sosial sorğu institutu “BFM TV” və “La Tribune Dimanche”ın sifarişi ilə 2027-ci il prezident seçkilərinə iki il qalmış fransızların səsvermə niyyətləri ilə bağlı sorğunun nəticələrini təqdim edib.

AZƏRTAC xəbər verir ki, sorğunun nəticələrinə görə ifrat sağçı Milli Birlik (Rassemblenent National-RN) Partiyası onu kimin təmsil etməsindən asılı olmayaraq, böyük fərqlə birinci turun zirvəsinə yüksəlmək üçün kifayət qədər şansa malikdir.

Marin Le Pen və Jordan Bardella Milli Birlik Partiyasına seçicilərin 30 faizdən çoxunun səsini qazanmağa imkan yaradırlar. Ancaq məhkəmə Le Peni dövlət vəsaitini mənimsəməkdə təqsirli bilərək, şərti olan dörd il həbs cəzası, həmçinin dərhal qüvvəyə minən beş illik seçilməmə cəzası verdi. Bu da onun prezidentliyə namizədliyinə mane ola bilər.

“Elabe”ın keçirdiyi rəy sorğusuna görə, prezident seçkilərinin ilk turu bu bazar günü keçirilsəydi, partiyanın bu iki fiquru çox yaxın səsvermə balı - Le Pen 32-36 faiz və Bardella üçün 31-35,5 faiz əldə edə bilərdilər. Hər iki halda, RN nəzərdə tutulan bütün altı ssenaridə sol və sağçı rəqiblərini beş xaldan çox qabaqlayaraq lider olacaqdı.

“Elabe” hesab edir ki, makronçular partiyası iki hipotetik namizədlə (Eduard Filip, Qabriel Attal) səs toplama niyyətində ikinci yerdədir. Keçmiş baş nazir Qabriel Attal səsvermə niyyətinin 18 faizini, Eduard Filip isə 24 faizini əldə edib. Onların tipik seçiciləri- rəhbər işçilər, təqaüdçülər, İl de Frans kommunasının sakinləri və yaxşı maliyyə vəziyyəti olanlardır.

İndiki daxili işlər naziri Brüno Rötayonun səs toplama ehtimalı 8-10 faizdir. Loran Vokye isə 4,5 faizlə kifayətlənməli olub.

Sorğuya görə solçulardan Rafael Qluksman Jan-Luk Melanşonu qabaqlayaraq 10 faiz səs qazanacağına ümid edə bilər.

İctimai rəyə görə solçu seçicilərin səsi çox dağınıqdır.

Dünya