Kiyev Aİ-yə xəbərdarlıq edib: Azad ticarətin dayandırılması “həqiqətən dağıdıcı” nəticələrə səbəb olacaq

post-img

Ukrayna xəbərdarlıq edir ki, Aİ ilə tarifsiz ticarətə son qoymaq, xüsusən də ABŞ-ın hərbi dəstəyi ilə bağlı qeyri-müəyyənlik fonunda “həqiqətən dağıdıcı” nəticələrə səbəb ola bilər.

Bu barədə "Financial Times" (FT) qəzeti yazır.

Ukrayna ixracatının Avropa bazarına sərbəst daxil olmasına imkan verən hazırkı Aİ-nin ticarət güzəştlərinin müddəti iyunun 5-də başa çatır. Maliyyə naziri Sergey Marçenko vurğulayıb ki, onların uzadılmaması “çox yanlış siqnal” verəcək. Onun sözlərinə görə, Aİ əsas ticarət tərəfdaşıdır və müharibədən əvvəlki vəziyyətə qayıtmaq Ukraynaya ciddi ziyan vuracaq.

2022-ci ildən bəri bu güzəştlər Ukrayna iqtisadiyyatını dəstəkləməyə kömək etdi, lakin bir sıra ölkələr, xüsusən də Polşa, Macarıstan və Fransa onların davam etdirilməsinin əleyhinədir. Onlar qorxurlar ki, Ukrayna idxalı qiymətlərə təzyiq göstərir və yerli fermerlərə zərər verir. Polşa, Macarıstan, Slovakiya və Bolqarıstan daha əvvəl Ukrayna taxılının idxalına məhdudiyyətlər tətbiq etmişdi.

Ukrayna qeyd edir ki, qonşu ölkələrə ixracın əhəmiyyətli bir hissəsi yerli bazarlarda qalmır, tranzit olunur. Kənd təsərrüfatı naziri Vitaliy Koval Polşanı Aİ-də sədrliyindən istifadə edərək sazişin irəliləyişinə nail olmağa çağırıb və vurğulayıb ki, “Ukrayna Aİ bazarına çıxış üçün gələcək şərtləri aydın başa düşməlidir”.

Bu arada, uzunmüddətli ticarətin liberallaşdırılması üzrə danışıqlar dalana dirənib, yeni sazişə az vaxt qalıb. Brüssel etiraf edir ki, mövcud qaydaların müvəqqəti uzadılması ən çox ehtimal olunan ssenari kimi görünür. 

Ukrayna rəsmiləri qərarda hər hansı bir gecikmənin ABŞ-ın gələcək dəstəyi ilə bağlı qeyri-müəyyənlikdən əziyyət çəkən iqtisadiyyata zərər vuracağını deyirlər. "ABŞ-ın dəstəyi olmasaydı, biz çox dramatik bir vəziyyətə düşərdik",- Marçenko əlavə edib.

Xatırladaq ki, Aİ fermerlərinin qiymətlərin düşməsindən şikayət etməsindən sonra Avropa Komissiyası Ukraynadan şəkər idxalının əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdən keçirir. 

S.ELAY

XQ

 

Dünya