Amerikanın "F-35" təyyarələri dünyanın ən qabaqcıl döyüş təyyarələridir, saatda təxminən 2000 kilometr sürətlə uça bilir, eyni zamanda, düşmən radarları üçün faktiki olaraq görünməz qalır, güclü müşahidə imkanları və dağıdıcı raketlər toplusu ilə təchiz edilir.
Lakin "The Telegraph" yazır ki, bu təyyarələrin taleyi bir aktual sualdan asılıdır: müttəfiqlər Amerikaya arxalanmağa davam edə bilərmi?
Qəzet yazır ki, ABŞ-ın bəzi müttəfiqləri "F-35" təyyarələrini boykot etməyə başlayıblar. Belə ki, əsas müttəfiqlər "F-35" sifarişləri ilə bağlı şübhələrini artıq ifadə ediblər. Bu, müttəfiqlərin birdən F-35-lərini səmada saxlamaq üçün lazım olan ehtiyat hissələri və proqram təminatı yeniləmələri üçün ABŞ-a güvənməkdən ehtiyatlanması ilə əlaqədardır. Bəziləri hətta təyyarələrin məxfi “söndürücü” olduğuna inanırlar, baxmayaraq ki, "Lockheed Martin" bunu qəti şəkildə inkar edir.
Sabiq hərbi məmurlardan biri "Defense One" saytına bildirib ki, Donald Trampın Qrenlandiya, Kanada və ya Panama kanalını ələ keçirməsi ilə bağlı dəfələrlə çıxışları “onların [F-35] proqramında necə qalacaqlarını görməyi çox çətinləşdirir”.
Xüsusilə, onlarla döyüş təyyarəsi almağı planlaşdıran Kanada bu yaxınlarda “başqa alternativlər”i araşdırdığını açıqlayıb. Portuqaliya da eyni qərarı verib və Almaniya da getdikcə F-35-ə şübhə ilə baxır. Eyni zamanda, Fransa "Dassault Rafale" döyüş təyyarələrinin öz istehsalının əsaslı şəkildə genişləndirilməsini elan edib və ekspertlər Fransa aviasiya sənayesinin "F-35"-ə qarşı reaksiyadan böyük fayda görəcəyinə inanırlar.
Aerokosmik analitik Con Hemler ABŞ-a şübhə ilə yanaşan ölkələr üçün digər variantların "Eurofighter Typhoon", "Saab Gripen" və ya Cənubi Koreyanın "KF-21" olduğunu söyləyib, lakin bunların hamısının daha inkişaf etmiş F-35-in verə biləcəyi faydaları “qurban vermək” mənasına gəldiyini qeyd edib.
Lakin proqram təminatı yeganə potensial problem deyil - müttəfiqlər də aparat təminatı ilə bağlı da narahatdırlar. Belə ki, ABŞ ehtiyat hissələrinin tədarükünü dayandırmaq qərarına gəlsə, NATO ölkələrinə məxsus F-35-lər iflic vəziyyətinə düşə bilər.
Analitiklər Pentaqonun proqramdan tamamilə imtina edəcəyinə şübhə ilə yanaşsalar da, F-35 alışlarının məhdudlaşdırılması ABŞ-ın müttəfiqləri üçün qiymətləri artıracaq. Eyni zamanda, başqaları F-35-in sonu ilə bağlı xəbərlərin çox şişirdildiyinə inanırlar. Məsələn, Danimarka artıq öz qırıcı donanmasını alıb. Bir çox Avropa ölkəsi tərəddüd etsə də, həm Hollandiya, həm də Belçika onları almağa davam edəcəklərini təsdiqləyiblər.
Bu yaxınlarda "Bild" yazmışdı ki, Almaniya ABŞ-ın onun F-35-lərini uzaqdan bloklaya biləcəyindən ehtiyat edir. KİV-in məlumatına görə, Almaniya hökuməti hazırda müqaviləyə yenidən baxılması və ya ABŞ-dan əlavə təminatların verilməsi imkanlarını nəzərdən keçirir.
S.ELAY
XQ