Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi ilə bağlı müzakirələri dayandırıb.
Bu barədə DW martın 20-də Aİ sammitinin yekunlarına istinadən yazır.
“Aİ qanunvericiliyinə uyğun olaraq, Rusiya Ukraynaya qarşı aqressiv müharibəsini dayandırana və bu müharibənin vurduğu zərəri kompensasiya edənə qədər Rusiyanın aktivləri dondurulmuş vəziyyətdə qalmalıdır”, - nəşr yazır.
DW qeyd edir ki, bir neçə Aİ ölkəsi Rusiyanın 200 milyard avrodan çox suveren aktivinin müsadirə edilməsinə qarşı çıxıb.
Onlar öz mövqelərini Avropa qanunvericiliyinin normaları, Avropa maliyyə bazarının rəqabətqabiliyyətliliyi üçün təhlükəli presedent yaratmaq riski, bu vəsaitlər üzrə faizlər hesabına Ukraynanı dəstəkləmək zərurəti, həmçinin bu məbləğin mümkün sülh danışıqlarında Rusiyaya mühüm təsir rıçaqı olması faktı ilə əsaslandırıblar.
Eyni zamanda, Aİ Ukraynaya qarşı müharibə aparmaq qabiliyyətini zəiflətmək üçün Rusiyaya təzyiqi daha da artırmağa, xüsusən əlavə sanksiyalar tətbiq etməyə və mövcud məhdudiyyətlərə əməl olunmasına nəzarəti gücləndirməyə hazırdır.
S.ELAY
XQ