ABŞ NATO-nun Avropadakı Ali Baş Komandanı vəzifəsindən imtina edə bilər

post-img

NBC telekanalı mənbələrə və Pentaqonun brifinqinə istinadən xəbər verir ki, ABŞ administrasiyası NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SAC) vəzifəsindən imtina etmək imkanını nəzərdən keçirir. Sözügedən vəzifəni 75 ilə yaxın ABŞ generalı tutub.

Telekanalın məlumatına görə, Pentaqon ABŞ silahlı qüvvələrinin döyüş komandanlıqları və qərargahlarında əhəmiyyətli restrukturizasiya həyata keçirir. Müzakirə olunan variantlardan biri ABŞ-ın NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (hərbidə SACEUR kimi tanınır) rolundan imtina etməsidir. Hazırda bu postu tutan və eyni zamanda, ABŞ-ın Avropa Komandanlığının rəhbəri olan general, digər məsələlərlə yanaşı, Rusiya ilə münaqişədə Ukraynaya dəstək verilməsinə də nəzarət edirdi. Belə bir yenidənqurmanın nə qədər vaxt aparacağı bəlli deyil və Konqres də prosesə müdaxilə edə bilər.

İddia olunur ki, ümumilikdə ABŞ ordusunun 11 döyüş komandanlığından beşi birləşdirilə bilər. Xüsusilə, ABŞ-ın Avropa və Afrika komandanlıqlarının Almaniyanın Ştutqart şəhərində bir qərargahda birləşdirilməsi, eləcə də Cənub Komandanlığının bağlanması və Şimal Komandanlığı ilə birləşməsi nəzərdən keçirilir. Bu təkliflərin həyata keçirilməsi Pentaqonun illik büdcəsinin 0,03%-nə bərabər olan 270 milyon dollara qədər qənaət edə bilər.

NBC qeyd edir ki, SACEUR-un sonu "NATO-da güc balansında böyük simvolik dəyişiklik olacaq". Telekanal, həmçinin ABŞ prezidenti Donald Trampın ölkənin alyansda iştirak formatını dəyişməyi nəzərdən keçirdiyini bildirib.

S.ELAY

XQ

Dünya