Türkiyənin 104 yaşlı İstiqlal Marşının maraqlı hekayəsi

post-img

Türkiyənin İstiqlal Marşının qəbul edilməsindən 104 il ötür. Marşın sözləri tanınmış şair Mehmet Akif Ərsoy tərəfindən yazılıb.

AZƏRTAC xəbər verir ki, 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılması ilə bu ölkənin “Hakimiyet-i Milliye” qəzetinin 1920-ci il 25 oktyabr buraxılışında dövlət himninin yazılması ilə bağlı müsabiqə elan edilir. Milli marşın müsabiqə yolu ilə seçilməsini düzgün hesab etməyən dövrün tanınmış şairi Mehmet Akif Ərsoy yarışmaya qatılmır. 1920-ci il dekabrın 23-dək davam edən yarışmaya, ümumilikdə 724 əsər göndərilir. Lakin, onların heç biri qəbul edilmir. Bundan sonra o zamanlar Türkiyənin maarif naziri olan Hamdullah Suphi bəy Mehmet Akifə məktub göndərərək ondan himnin sözlərinin yazılması üçün kömək istəyir. Hər kəsin səbirsizliklə gözlədiyi Milli Marşın sözləri on günə hazır olur və 1921-ci il fevralın 17-də “Sebilürreşad” jurnalında “Qəhrəman Ordumuza” başlığı ilə dərc olunur.

1921-ci il martın 12-də Hamdullah Suphi bəyin Böyük Millət Məclisinin kürsüsündən oxuduğu Mehmet Akif tərəfindən yazılan şeir Türkiyə xalqının dahi lideri Mustafa Kamal Atatürkün “Bu marş bizim inqilabımızın ruhunu anladır” sözləri ilə qəbul edilib. Sonra marşın sözləri ingilis, alman, fransız, macar və fars dillərinə tərcümə olunaraq ölkə xaricində də dərc edilir.

İstiqlal Marşının yazılması üçün Mehmet Akifə verilən 500 lirə mükafatı isə şair qəbul etməyərək, yoxsul qadın və uşaqlara iş öyrədən “Darülmesai” qurumuna bağışlayır.

Bir zaman müxtəlif musiqilərlə ifa edilən marşa Türkiyənin tanınmış bəstəkarı Osman Zeki Üngör tərəfindən çağdaş himnə yaraşan musiqi bəstələnir.

Qeyd edək ki, 104 il əvvəl qəbul edilən Türkiyənin Dövlət Himni ölkənin müstəqilliyinin və suverenliyinin ən vacib rəmzlərindən biridir.

Dünya