Tədqiqat: Burundakı herpes virusu həyəcana və idraki geriləməyə səbəb olur

post-img

ABŞ alimləri dünya əhalisinin təxminən üçdə ikisinin yoluxduğu 1-ci tip sadə herpes virusunu tədqiq ediblər. Bu virusun fəsadı çox vaxt dodaqda görünür, lakin onun digər lokalizasiyaları da mümkündür. Yeni tədqiqat göstərib ki, virusun intranazal olması yaddaşın, hərəkət koordinasiyasının pozulması, hətta narahatçılıq da daxil olmaqla nəzərəçarpacaq neyrodavranış simptomlarına səbəb olur. Alimlər simptomların inkişafı üçün molekulyar mexanizm də müəyyən ediblər ki, bu da müalicə və profilaktika üçün yeni hədəfə çevrilə bilər.

AZƏRTAC xəbər verir ki, araşdırmanın nəticələri İllinoys Universitetinin saytında dərc olunub.

Alimlər əvvəlki tədqiqatlardan sonra bildiriblər ki, 1-ci tip sadə herpes virusu (HSV-1) gözlərə və sinir sisteminə miqrasiya edə, korluq, ensefalit kimi ağır fəsadlara səbəb ola bilər. Yeni bir tədqiqat sinir sisteminə birbaşa ziyanvurma risklərinin artdığı virusun bədənə daxil olmasının intranazal yolunu ətraflı şəkildə araşdırıb.

Məlum olub ki, heparanaza fermenti simptomların yaranmasında iştirak edir. Onun inaktivasiyası HSV-1 infeksiyasına baxmayaraq, heyvanların fəsadlardan qorunması ilə nəticələnib.

Alimlər qeyd ediblər ki, herpes xroniki infeksiyadır və bir insanın həyatı boyunca bir neçə dəfə yenidən aktivləşə bilər, buna görə də effektiv profilaktikaya böyük tələbat var.

Tədqiqatçılar herpesin demensiya riskini iki dəfə artırdığını, həmçinin xərçəngə səbəb olduğunu da müəyyən ediblər.

Dünya