Çin martın 12-də eyni daşıyıcı raketlə aşağı orbitə 18 peyk göndərib.
AZƏRTAC xəbər verir ki, peykləri orbitə aparan “Uzun yürüş-8Y6” (“Long March-8Y6”) daşıyıcı raketinin buraxılışı səhər erkən saatlarda Haynan adasındakı kommersiya buraxılış məntəqəsində həyata keçirilib. “Çin kosmos elmləri və texnologiyaları korporasiyası” raketin peykləri planlaşdırılan orbitə çatdırdığını açıqlayıb. Çinin “Spacesail” kommersiya internet qruplaşmasını təşkil edəcək peyklər sistemin orbitə çıxarılan 5-ci peyk qrupudur.
Bu, “Uzun yürüş” seriyasından 563-cü raket buraxılışı olub.
Qeyd edək ki, Haynandakı kommersiya buraxılış məntəqəsində ilk raket buraxılışı ötən ilin noyabrında baş tutub. Hazırda məntəqənin 2-ci mərhələsinin inşası davam edir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin