Yeni marşrut Qazaxıstan vasitəsilə Çinlə Avropanı birləşdirib

post-img

“Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin törəmə müəssisəsi olan “KTZ Express” Səhmdar Cəmiyyəti “China Railway Container Transport Co., Ltd” şirkəti ilə birlikdə Çin və Avropa arasında daha bir marşrut açan yeni konteyner xidmətini istifadəyə verib.

AZƏRTAC “Qazaxıstan Dəmir Yolları”nın mətbuat xidmətinə istinadla xəbər verir ki, televiziya komponentləri ilə yüklənmiş ilk konteyner qatarı Çendudan (Çin) Lodz (Polşa) şəhərinə yola düşüb.

Qatar Qazaxıstan, Türkmənistan, İran və Türkiyədən keçəcək. Marşrut ölkələr arasında malların fasiləsiz çatdırılmasını və səmərəli əlaqəni təmin edəcək. Gözlənilən çatdırma müddəti 52 - 60 gün təşkil edir.

Qeyd edilir ki, bu marşrut həm regionun nəqliyyat imkanlarını genişləndirir, həm də beynəlxalq logistikanı daha çevik, sürətli və etibarlı edir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Dünya