Fevralın 27-də İstanbulda Rusiya və ABŞ diplomatlarının görüşü keçiriləcək və ölkələrin diplomatik missiyalarının işinin normallaşdırılması müzakirə olunacaq. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.
Səfirlik işçilərinin bərpası Rusiya və Amerika nümayəndə heyətlərinin fevralın 18-də Ər-Riyadda keçirilən danışıqlarda əldə etdiyi razılaşmalardan biri olub.
“ABŞ-ın əvvəlki administrasiyası Rusiya səfirliyinin fəaliyyətinə süni maneələr yaratmışdı. Buna qarşılıq olaraq biz də ABŞ səfirliyinin Moskvadakı fəaliyyəti üçün də qeyri-münasib şərait yaratmışdıq. İndi bizim yüksək səviyyəli diplomatlarımız, ekspertlərimiz görüşərək toplanmış sistemli problemləri araşdıracaqlar. Belə bir görüş sabah İstanbulda baş tutacaq. Düşünürəm ki, onun nəticələri bizim nə qədər tez və effektiv hərəkət edə biləcəyimizi aydın göstərəcək”, - Sergey Lavrov Dohada mətbuat konfransında deyib.
Rusiya və ABŞ nümayəndə heyətlərinin 2022-ci ilin fevralından bəri fevralın bu il 18-də Ər-Riyadda keçirilən ilk görüşündə Rusiya-ABŞ münasibətlərinin bərpası və Ukraynadakı münaqişənin həlli üçün danışıq qruplarının formalaşdırılması istiqamətində addımlar müzakirə edilib. Digər məsələlərlə yanaşı, tərəflər Moskva və Vaşinqtondakı səfirliklərin işçilərini bərpa etmək və ölkələr arasında münasibətlərdə “qıcıqlandırıcıları” aradan qaldırmaq barədə razılığa gəliblər.
P.ƏMİRCANOV
XQ