Türkiyə öz inkişafının yeni mərhələsinə qədəm qoyur ki, bu da ölkənin uğur və nailiyyətlərinin davamı olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) 8-ci Böyük Qurultayının keçirildiyi Ankara İdman Kompleksinə toplaşan 60 min ölkə vətəndaşı qarşısında çıxışı zamanı deyib.
Ölkənin 29 vilayətində AK Partinin hazırlıq qurultaylarında şəxsən iştirak etdiyini xatırladan dövlət başçısı bu tədbiri “demokratiya bayramı” adlandırıb.
Ərdoğanın sözlərinə görə, Türkiyə hökumətinin 2053 və 2071-ci ilə qədər fəaliyyət konsepsiyasında gənclərə və qadınlara dəstək ön plana çəkilib.
Ərdoğan gənc nəsil vətəndaşları respublikanın qazandığı uğurları dəstəkləməyə çağırıb. “Heç kim Türkiyəni inkişaf yolundan geri çevirə bilməz”, - deyə dövlət başçısı vurğulayıb.
Ankara İdman Kompleksində ölkənin 81 vilayətindən 1607 nümayəndə ilə yanaşı, 13 ölkədən 16 siyasi partiyanın təmsilçiləri, o cümlədən Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti dəvətli qonaq qismində iştirak edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara