Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin səfirləri üçün Ər-Riyadda ABŞ və Rusiya nümayəndə heyətləri arasında təmaslara dair brifinq keçirib. Tərəflər beynəlxalq təhlükəsizlik sahəsində vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Məlumatı “Kommersant” verib.
“Səmimi və maraqlı söhbət zamanı KTMT ölkələrinin Moskvada akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərliyinə Rusiya Federasiyası və ABŞ nümayəndələri arasında son vaxtlar yüksək səviyyəli təmasların əsas aspektləri barədə məlumat verilib. “Beynəlxalq təhlükəsizlik sahəsində vəziyyətə dair konstruktiv fikir mübadiləsi aparılıb”, - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Fevralın 18-də Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Əldə edilən əsas razılaşmalar arasında Rusiya-Ukrayna münaqişəsinin həlli üçün danışıqlar qrupunun yaradılması, Moskva və Vaşinqtondakı səfirliklərin işçilərinin bərpası, prezidentlər Vladimir Putin və Donald Tramp arasında görüş üzərində iş, ölkələr arasında münasibətlərdə “qıcıqlandırıcıları” aradan qaldırmaq üçün Rusiya və ABŞ arasında məsləhətləşmələr mexanizminin yaradılması kimi məsələlər yer alıb.
P.ƏMİRCANOV
XQ