Rusiyanın Suriyadakı hərbi bazaları yeni hökumət üçün faydalı olarsa, qalacaq. Bu barədə Suriyanın müdafiə naziri Murhaf Əbu Kəsra “The Washington Post” qəzetinə müsahibəsində bildirib.
Müdafiə Nazirliyi rəhbərinin sözlərinə görə, Moskvanın Suriyanın yeni hökumətinə münasibəti keçmiş prezident Bəşər Əsəd rejiminin devrilməsindən sonra “xeyli yaxşılaşıb”. Dəməşq müxtəlif ölkələrlə müdafiə sazişləri əldə etmək imkanını nəzərdən keçirir. Suriya həm də ABŞ və Türkiyə ilə respublika ərazisindəki hərbi bazalarının statusu ilə bağlı “çətin danışıqlar” aparır.
Nazir bildirib ki, Suriyadakı Amerika bazaları məsələsi ABŞ prezidenti Donald Trampın administrasiyası ilə müzakirə olunur.
2024-cü ilin dekabrında Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Moskva Dəməşqə Suriyadakı Rusiya hərbi bazalarından respublika sakinlərinə humanitar yardım çatdırmaq üçün istifadə etməyi təklif edib. Bu il yanvarın sonunda Rusiyanın idarələrarası nümayəndə heyəti Dəməşqə səfər edib və burada ikitərəfli münasibətlərin gələcəyini müzakirə ediblər. Danışıqlardan sonra tərəflər Rusiya hərbi bazalarının ölkədə saxlanılması məsələsi üzrə məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.
P.ƏMİRCANOV
XQ