Ermitajın əsas girişi aparılan yoxlamalardan sonra açıq elan edilib

post-img

Yanvarın 30-da Sankt-Peterburqda Ermitaj muzeyinin Qış Sarayının əsas girişi anonim təhdid mesajı səbəbindən müvəqqəti bağlanıb.

Bu barədə AZƏRTAC muzeyin mətbuat xidmətinə istinadla xəbər verir.

“Bu gün, yanvarın 30-da Ermitajın Qış Sarayının təhlükəsizlik rejiminin pozulması təhdidi ilə anonim mesaj daxil olub. Binanın əsas girişi bağlanıb, ekspozisiya zalları və xidməti otaqlarda yoxlamalar aparılır”, - deyə məlumatda qeyd olunur.

Muzeydən bildirilib ki, hazırda Baş muzey kompleksinə giriş Şuvalov keçidi, Million, 37/Saray sahili, 36 ünvanında mümkündür. Ermitajdan həmçinin qeyd olunub ki, bu günə giriş biletləri olan ziyarətçilər Baş muzey kompleksini həm bu gün, həm də istənilən digər günlərdə ziyarət edə bilərlər. Muzeyin adi rejimdə fəaliyyətinin bərpa olunması barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, yanvarın 24-də Ermitajın ziyarətçiləri təhlükəsizlik təhdidi səbəbilə təxliyə olunub. Buna səbəb anonim təhdid mesajı olub. Muzeydən üç minə yaxın ziyarətçi təxliyə olunub. Dövlət muzeyində baş verən hadisədən dərhal sonra terror aktı ilə bağlı qəsdən yalan məlumat yayma maddəsi ilə cinayət işi başlanılıb.

Bir müddət sonra Ermitajın əsas girişi ziyarətçilərin üzünə açılıb. Bildirilir ki, Muzey hazırda ştat rejimində fəaliyyət göstərir.

“Muzeyin təhlükəsizlik xidməti Milli Qvardiyanın əməkdaşları ilə birgə Qış Sarayının ekspozisiya zallarında və xidməti otaqlarda yoxlamaları başa çatdırıblar, şübhəli əşya aşkar edilməyib”, - deyə məlumatda bildirilir.

Dünya