Fransa və Böyük Britaniya atəşkəs olacağı təqdirdə təhlükəsizliyi təmin etmək üçün Ukraynaya hərbçilər göndərməyi planlaşdırır.
AZƏRTAC Qərb mediasına istinadla xəbər verir ki, Kiyevin müttəfiqləri münaqişənin mümkün nizamlanması çərçivəsində sərhəd təhlükəsizliyini təmin etmək üçün Ukraynaya təxminən 40-50 min hərbçi göndərə bilər. Britaniyalılar və fransızlar artıq bəzi ilkin planlaşdırmalara başlayıblar.
Mediada yayılan məlumatlara görə, Avropa hazırda beş-altı ölkədən təxminən 50 min hərbçinin daxil olacağı qüvvələrin yaradılması imkanlarını müzakirə edir. Plana əsasən, bu hərbi qulluqçular atəşkəs olacağı təqdirdə Ukrayna və Rusiya silahlı qüvvələri arasında “demarkasiya xəttində” asayişi təmin edəcəklər.
Bundan əvvəl “Reuters” agentliyi xəbər vermişdi ki, ABŞ Prezidenti Donald Trampın müşavirlərinin əksəriyyəti Ukraynadakı münaqişənin mümkün həlli çərçivəsində avropalı hərbçilərin patrul etdiyi demilitarizasiya zonasının yaradılmasını bəyənirlər. Onlar, həmçinin ümumilikdə hazırkı cəbhə xəttinin “dondurulması” ideyasını dəstəkləyirlər.
2024-cü ilin dekabrında Rusiya Prezidenti Vladimir Putin bəyan etmişdi ki, Moskvaya atəşkəs deyil, ölkə və onun vətəndaşları üçün etibarlı təhlükəsizlik zəmanəti ilə təmin edilmiş davamlı sülh lazımdır.