Britaniya hökumətinin borclanması gözlənilmədən artıb

post-img

Böyük Britaniyada dekabr ayında hökumətin borclanması proqnozları üstələyərək son dörd ilin ən yüksək səviyyəsinə çatıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu artım ölkənin maliyyə sisteminə əlavə təzyiq yaradıb.

Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, hökumətin borclanması - yəni xərclərlə vergi gəlirləri arasındakı fərq - ötən ay 17,8 milyard funt sterlinq təşkil edib. Bu, 2023-cü ilin dekabrı ilə müqayisədə 10,1 milyard funt sterlinq çoxdur. ONS bildirib ki, ictimai xidmətlər, sosial müavinətlər və borc faizlərinə çəkilən xərclər ötən ilə nisbətən artıb. Bununla yanaşı, vergi gəlirlərindəki artım əvvəlki hökumətin milli sığorta haqlarında etdiyi azalmalarla kompensasiya olunub.

Son dövrlərdə borclanma xərclərindəki artımlar hökumətin iqtisadi planlarına təhlükə yaradır. Ötən həftə açıqlanan məlumatlara görə, Böyük Britaniya iqtisadiyyatının durğunluq yaşaması maliyyə naziri Reyçel Rivz üçün təzyiqləri daha da artırıb.

Hökumət bildirib ki, həyat standartlarını yüksəltmək məqsədilə iqtisadi artım əsas prioritet olaraq qalır. Lakin Böyük Britaniya iqtisadiyyatının vəziyyətini əks etdirən son məlumatlar R. Rivz tərəfindən ictimai xidmətlərə ayrılan xərclərin azaldılması ehtimallarını gücləndirir.

Dekabr ayında hökumət tərəfindən 17,8 milyard funt sterlinq borc alınması Büdcə Məsuliyyəti İdarəsinin gözləntilərindən (14,6 milyard funt sterlinq) xeyli çox olub.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Dünya