Avropa İttifaqı Rusiyaya qarşı daha sərt sanksiyalara müqavimət göstərir

post-img

Avropa İttifaqının bəzi ölkələri Rusiyaya, xüsusən onun metallurgiya sənayesinə qarşı daha sərt sanksiyalara müqavimət göstərir.

AZƏRTAC xəbər verir ki, bunu Ukraynanın Avropa İttifaqındakı səfiri Vsevolod Çentsov deyib.

“Həmin ölkələr Rusiyanın metallurgiya məhsullarının müəyyən növləri üçün 2028-ci ilədək sanksiya tətbiqini istisna etmək üçün lobbiçiliklə məşğuldurlar. Biz isə bu müddəti və Rusiyanın ixrac edə biləcəyi məhsulların həcmini azaltmağa çalışırıq”, - deyə Vsevolod Çentsov bildirib.

Səfir, eyni zamanda, Rusiya şirkətlərinin Avropa bazarındakı paylarını artırmasından da şikayətlənib: “Rusiya mineral gübrə istehsalı sahəsinə investisiyaları dörd dəfə artırıb. Onlar bazar şərtlərinə kifayət qədər uğurla uyğunlaşa bilir”.

Rusiya Prezidenti Vladimir Putin dəfələrlə qeyd edib ki, ölkəsinə qarşı tətbiq olunan sanksiyalar qlobal iqtisadiyyata da ciddi zərbə vurur. Onun sözlərinə görə, Rusiyanı zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və Moskva sanksiyaların öhdəsindən uğurla gəlir.

Dünya