Kreml: İranla tərəfdaşlıq sazişinin imzalanması mühüm hadisədir

post-img

RF prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə İran prezidenti Məsud Pezeşkian arasında yanvarın 17-də Kremldə baş tutacaq danışıqları şərh edərək deyib ki, Kreml görüş zamanı gözlənilən Tehranla Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin imzalanmasını çox mühüm hadisə hesab edir. Məlumatı “Kommersant” verib. 

“Qabağa qaçmayaq. Təsdiq edə biləcəyim yeganə şey budur ki, həqiqətən də, bu sazişin imzalanması cənab Pezeşkianın səfərinin çox mühüm tərkib hissəsidir. Bu, bizim üçün çox mühüm hadisədir, biz buna böyük əhəmiyyət veririk. Doğrudan da, bu müqavilə imzalanacaq. Liderlər həmçinin media üçün açıqlamalar verəcəklər”, - Peskov deyib. 

O, “İranla tərəfdaşlıq müqaviləsi Rusiyanın KXDR ilə imzaladığı müqaviləyə bənzəyirmi” sualına belə cavab verib: “Kommersant”ın daha əvvəl yazdığı kimi, sazişin mühüm hissəsi ticarət-iqtisadi və enerji əməkdaşlığı, həmçinin müdafiə və təhlükəsizliklə bağlı məsələlərdə tərəfdaşlıq olacaq. Müqavilə 2014-cü ildən hazırlanıb. Əvvəlki müqavilə 2001-ci ildə imzalanıb. Mənbələrin “Kommersant”a verdiyi məlumata görə, müqavilənin yenilənməsi zərurəti ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlıdır”.

P.ƏMİRCANOV
XQ

 

Dünya